Avqust 31, 2019

Ziya Balıyev – Hər şeyi yaradan Allahı kim yaratdı?

Sual: Hər şeyi yaradan Allahı kim yaratdı?

Ateistlər tərəfindən çox zaman verilən bu sual cəhalətdən qaynaqlanan sualdır. Bu sualın yaranma səbəbi “Fəlsəfə yoxsulluğudur”. Heç bir halda ciddi fəlsəfə bilgisi olan bir şəxs bu sualı verməz. Bucür şeyləri ancaq və ancaq Riçard Dokinz, Celal Şengör, Stiven Hokinq kimi fəlsəfə yoxsulu şəxslərdə müşahidə etmək olar. Bu şəxslər öz sahələrində ciddi mütəxəssis olsalar da, fəlsəfələri demək olar ki, sıfırdır. Buna görədir ki, ateist filosof Maykl Ruz bucür iddialarla dolu olan Dokinzin “Tanrı İlluziyası” kitabı haqqında “Bu kitab ibtidai fəlsəfə imtahanından keçə bilməyəcək qədər zəifdir” sözlərini söyləyib. Gələk iddiaya.

Əvvəla, bu iddia o təqdirdə ortaya atıla bilinər ki, teist bir şəxsin tanrısı yarana bilən tanrı olsun. Yəni, teist şəxsin tanrısı yaranan tanrıdırsa, bu halda ateist haqlı olaraq “Onu kim yaratdı?” sualını verə bilər. Yox əgər teist şəxsin tanrısı yaranmayan tanrıdırsa, yəni, teist iddia edirsə ki, mənim tanrım əzəlidir, yaranmayıb, o halda “Onu kim yaratdı?” sualı mənasızdır. Məsələn, mən desəm ki, “Dostum X kişidir və o dünyaya uşaq gətirə bilməz”, bu zaman sənin “O dünyaya qız ya oğlan övladı gətirib?” sualın sadəcə gülünc olar. Ona görə ki, mən öncədən X’ın kişi olduğunu və doğma bacarığının olmadığını demişdim. Bunun müqabilində sənin verdiyin sualın heç bir əhəmiyyəti yoxdur və sadəcə sofistikadır (söz oyunu). Bucür sofistik iddialar Qədim Yunanıstan sofistlərində də var idi. Məsələn, sofistlərin söz oyunları bu qəbildən idi:
1. Sənin övladın var, deməli sən atasan.
2. Bu itin övladı var, o atadır.
3. Sən də, it də atasınız.
Nəticə: Sən itsən.

Belə söz oyunları fəlsəfənin yeni-yeni formalaşdığı dönəmlərdə gücə sahib idi, lakin hazırda ciddi fəlsəfi sferada sadəcə gülüş hədəfidir.

Bəs teist “Mənim tanrım əzəlidir, yaranmayıb” deyəndə haqlıdırmı?

Fəlsəfi və məntiqi baxımdan haqlıdır. Gəlin məsələni fəlsəfə aspektdə analiz edək. 
Bizim kainatımız ya vacib varlıqdır, ya da mümkün varlıq. Vacib varlıq dedikdə, varlığı əzəli, özündə olan, mümkün varlıq dedikdə isə varlığı özündə olmayan, var olma və olmama ehtimalı olan, var olmaq üçün kənar səbəbə ehtiyacı olan varlıq nəzərdə tutulur. Kainatımızın “Big Bang” nəzəriyyəsinə əsasən mümkün varlıq olduğunu bilirik. Yəni, kainatımız əzəli deyil, yaranıb və yaranması üçün hər hansı səbəbə ehtiyac duyub. Bu zaman ortaya əsas sual çıxır: Bəs kainatın var olmasına səbəb olan şey vacib varlıqdır yoxsa mümkün varlıq? Əgər vacib varlıq deyilsə, o halda teistin dediyi “Tanrı əzəlidir” anlayışı haqlı olur. Əgər mümkün varlıq deyilsə, ortaya yeni sual çıxır: Bəs mümkün varlıq olan bu səbəbin özünün ortaya çıxma səbəbi vacibdir yoxsa mümkün? Cavab nə qədər mümkün varlıq olsa, səbəbi nədir sualı davamlı veriləcək. Əgər deyilsə ki, “Səbəblərin hamısı mümkündür və bu səbəb-nəticə ardıcıllığı əzəli davam edir”, bu zaman ortaya təsəlsül (silsilə) paradoksu çıxır. Təsəlsül paradoksu budur ki, ortada bir nəticə var. Yəni, kainatımız, dünya, biz nəticə olaraq varıq. Bəs səbəblər zənciri hələ dayanmayıbsa və davam edirsə, o halda nəticə necə ortaya çıxdı? Belə misal çəkək: Təsəvvür edin bir çaydan suyu qaynatmaq istəyirsiniz. Qaynatmaq üçün ocağa ehtiyac var, yəni, qaynamanın səbəbi ocaqdır. Ocaq üçün kibritə ehtiyac var. Kibrit üçün ağaca, kükürdə ehtiyac var. Onların yaranması üçün müxtəlif maddələrin bir araya gəlməsinə. O maddələr üçünsə başqa səbəblərə və bu səbəblər durmadan davam edir, hələ başlanğıc yoxdur. Bu zaman çaydanın qaynaması mümkün deyil çünki, qaynama üçün bütün səbəblər cəm olmalıdır. Əgər cəm olmayıblarsa, qaynama mümkün deyildir. Kainatımız da nəticə olaraq ortaya çıxıbsa, deməli bütün səbəblər cəm olub, əgər səbəblər hələ də davam edirsə, ortada nəticənin olması mümkün deyil. 
Bunun mümkünsüz olduqlarını gördükləri zaman ortaya yeni bir iddia ata bilərlər: “Siz nə üçün səbəb-nəticəni zəncirvari düşünürsünüz? Bəlkə bu dairəvidir.” Daha açıq izah edək. Bizi verdiyimiz nümunədə səbəb-nəticə ardıcıllığı zəncirvaridir. Yəni, A B-nin səbəbidir, B C-nin, C D-nin, D E-nin…. Bu davam edir. Tutulan iradda isə deyilir ki, biz zəncirvari yox dairəvi düşünək. Yəni, A B-nin, B C-nin, C D-nin, D E-nin, E də A-nın səbəbidir. Bu zaman da ortdaya dairə paradoksu çıxır. A, B, C, D, E bir-birinin səbəbidirsə, o zaman hərəkətləri necə başladı? Təsəvvür edin start xəttində 5 atlet qaçmaq üçün gözləyir. A, B, C, D, E atletləri. A atletinə deyilir ki, B qaçmasa qaçma. B atletinə C qaçmasa, C atletinə D qaçmasa, D atletinə E qaçmasa qaçma deyilir. E atletinə də A qaçmasa qaçma deyilir. Bu zaman onların qaçması üçün start götürməsi heç bir zaman mümkün olmaz. Çünki E-nin qaçması üçün A qaçmalıdır, A-nın qaçması üçün də E. Bu zaman heç biri start götürə bilməz. Dairəvi səbəb nəticə də eynən belədir, əgər bir birinə səbəb olan dairəvi səbəblər varsa, o zaman nəticə ortaya çıxa bilməzdi.

Bütün bu paradoksların sadəcə bir cavabı vardır: Bütün varlığın var olmasına səbəb olan əzəli vacib vücuda ehtiyac vardır ki, bu da teistin dediyi tanrıdır.