Mart 18, 2019

Ziya Balıyev – İslam peyğəmbərinə qarşı pedofillik iddiası

Qədim dönəmlərdə hər nə qədər rastlaşmasaq da, müasir dönəmdə İslam peyğəmbəri hz. Muhəmmədə qarşı pedofillik iddiası olduqca çox rastlanan bir hadisədir. İddiaçılar İslam peyğəmbərini az yaşlı qadınla evlilikdə mühakimə edir və bunu pedofillik kimi qiymətləndirirlər. Bunun səbəbi isə İslam mənbələrində yer alan bir hədisdir.

İddianın əsaslandığı hədis

Pedofillik iddiasının üzərində qurulduğu cəmi bir hədis vardır ki, bir çox kitablarda bu hədislə rastlaşırıq. Bu hədis İslam peyğəmbərinin xanımı olan xanım Aişənin dilindən nəql edilir və onun Rəsulallahla evliliyindən bəhs edir. Hədis belədir:

“Peyğəmbər mənimlə 6 yaşında olduğum zaman nişanlandı. Mədinəyə getdik və Bəni Harisin evində qaldıq. Sonra xəstələndim və saçlarım töküldü. Sonra saçım yerinə gəldi və anam yellənçəkdə rəfiqələrimlə oynayarkən oraya gəldi. Məni çağırdı və yanına getdim, nə edəcəyimi bilmirdim. Əlimdən tutaraq apardı və qapının kandarında gözlətdi. Nəfəsim kəsilmişdi, özümə gəldiyim zaman biraz su gətirim başımı su ilə ovdu. Daha sonra məni evə saldı. Evdə ənsardan bir neçə qadın var idi. Onlar mənə “xeyir və bərəkət üzərinə gəldin, xeyirli qismət gətirdin”,- dedilər. Anam məni o qadınların yanında qoydu və onlar da paltarımı düzəldib məni Rəsulallaha təslim etdilər. Ənsar qadınları məni Rəsulallaha təslim etdikdə mənim 9 yaşım var idi.”[1]

Hədisin problemləri

Əvvəla, hədisin ən böyük problemi, səhihlikdə əsas götürülən mütəvatirlik[2] kriteriyasına uyğun olmamasıdır. Bu hədisin sadəcə bir ravisi vardır ki, bu da elə xanım Aişənin özüdür. Bu hədisi nəql edən başqa bir ravi yoxdur və tək ravinin olması hədisin səhihliyini çox böyük sual altına salır.

Mütəvatirlikdən əlavə, başqa hədislərlə uyğunlaşmaması, onlarla başqa hədisin bu hədisə zidd düşməsi bizim üçün sadəcə iki seçim qoyur: Ya hədis səhih deyil, yalandır, ya da hədisi anlamaqda biz yanılırıq.

Başqa hədisləri əsas götürsək, evlilik dönəmində xanımın yaşının 6 və ya 9 olması mümkünsüz hala gəlir. Hədisin zidd düşdüyü başqa hədislərə diqqət edək.

1. “Anam və atam İslamı qəbul etdikləri zaman mən onların nə üçün bunu etdiyini başa düşürdüm”[3]

Bu hədisi əsas götürdüyümüz zaman məlum olur ki, xanım besətdən[4] (610) ən azı 5-6 il öncə dünyaya gəlmişdir. Çünki, xanımın atası Əbu Bəkr İslamı ən əvvəl qəbul edənlərdən biridir və o qəbul etdiyi zaman xanım Aişə bunun fərqində idi.

2. Xanım Aişə Məkkədə peyğəmbərliyin 4-cü ilində nazil olan “Qəmər” surəsinin “Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir)” ayəsi haqda: “Bu ayə Məkkədə hz. Muhəmmədə endirildi. O vaxt mən yeniyetməlik dövrünə qədəm qoyan və oyun oynayan qız uşağı idim”, – demişdir.[5] Bu ayənin nazil olma ili 614-cü ildir və müzakirə mövzusu olan hədisi (9 yaşda evlilik) nəzərə aldıqda, bu tarixdə xanım Aişə dünyaya gəlməmiş olmalıydı. Xanımın yeniyetməlik dövrünə qədəm qoymasını nəzərə alsaq, bu hadisə zamanı onun 8-9 yaşı olmalıydı ki, bu da doğumunun 605-ci il olduğunu göstərir.

3. Aişənin bacısı Əsmadan 10 yaş kiçik olduğu məlumdur. Belə ki, Əsma bint Əbu Bəkrin hicrət zamanı Abdullah ibn Zübeyrdən hamilə qaldığı və 27 yaşında olduğu bilindiyinə görə, bu səhabə xanımın 595-ci ildə doğulduğu aydın olur.[6] Əsma 595-ci ildə doğulubsa, ondan 10 yaş kiçik olan Aişə də 605-ci ildə doğulmuşdur. Bunu dəstəkləyən başqa bir fakt da vardır ki, illər birə-bir eyni düşür. Belə ki, Əbu Bəkrin oğlu Əbdürrəhman bacısı Aişədən bir yaş böyük idi. Bədir döyüşündə Qüreyş müşriklərinin səfində iştirak etdiyi vaxt Əbdürrəhmanın 20 yaşı vardı. Hüdeybiyyə müqaviləsindən sonra 27 yaşında ikən İslamı qəbul edən Əbdürrəhmanın 604-cü ildə doğulduğu məlum olur.[7] Ondan bir yaş balaca olan Aişə isə, 605-ci ildə doğulmuşdur. Göründüyü kimi xanım Aişənin bacısı və qardaşının yaşı hesablandığında hər ikisi xanımın doğumu barədə eyni ili göstərir; 605-ci il.

Bundan əlavə onlarla hədis vardır ki, xanım Aişə İslamın ilk dönəmlərindən danışır. Bütün bunlar nəzərə alındıqda evlilik yaşının 6 və ya 9 yox, daha çox olduğu aşkar olur.

İslam peyğəmbəri 632-ci ildə 63 yaşında ikən vəfat edir. Aişənin peyğəmbərlə 9 yaxud 10 il evli qaldığı bilinməkdədir və bu nəzərə alındığında onların evlilik ili 622-623-cü illərə təsadüf edir ki, bu zaman xanımın 17-18 yaşı var idi.

Daha əvvəl də qeyd etdiyimiz kimi, hədisin mütəvatir olmaması və başqa hədislərlə tamamilə zidd düşməsi bizim qarşımızda sadəcə iki seçim qoyur; hədis ya yalandır, ya da doğru anlamırıq. Bu zaman ortaya əsas sual çıxır ki, əgər hədis doğru olarsa, yanlış anlaşılan şey nədir? Cavab bəsitdir: Ərəb dili və mədəniyyəti. Burada iki mühim nüans vardır ki, bunlara mütləq diqqət edilməlidir.

1.Ərəblərdə qadının yaşının doğumundan yox, ilk heyzindən hesablandığı müşahidə edilən bir haldır. Bu zaman xanım Aişənin 6 və ya 9 deməsi, bu yaşın üzərinə heyz yaşının da gəlməsini labüd edir. Heyz yaşının 9 olduğunu nəzərə alsaq, xanım 9 yaş dedikdə 18 yaşı nəzərdə tutduğu aşkar olar.

2. Ərəb dili lüğətlərinin klassik şah əsəri “Lisan əl-Ərəb” lüğətinə baxdıqda ərəb dilində 11-dən 19-dək olan saylar istifadə edilərkən təkliklər xanasının qeyd edilərək onluqların nəzərdə tutula bilinəcəyini görə bilərik. Məsələn, bir bədəvi: “vahhid”, yəni, “birlə!” və ya “bir et!” dediyi zaman: “Cibimdə 10 dirhəm var, birini də sən ver, cibimdə 11 dirhəm olsun”, – demək istəyir. Xanım Aişə də ərəb dilinin bu xüsusiyyətindən istifadə edərək, 6 və 9 yaş bildirməklə 16 və 19 yaşında olduğunu demək istədiyi başa düşülə bilər.

Biz bütün dəlillərdən yola çıxaraq evlilik yaşının 6 və ya 9 yox, 16-19 arası olduğundan əmin olduq. Lakin, əgər həqiqətən də evlilik yaşı 6 və ya 9 olsaydı bu bizə əsas verə bilərdimi ki, biz peyğəmbərə pedofil deyək?

Pedofiliya nədir?

Pedofiliya sözü yunan mənşəlli sözdür, pais (uşaq) və philia (sevmək) sözlərinin birləşməsindən meydana gələrək “Uşaqları sevmək” mənasını verir. Bu bir psixoloji xəstəlikdir ki, bu xəstəlikdə olan şəxslər az yaşlı uşaqlara cinsi maraq salır, onları cinsi istismara məruz qoyur və onlar haqqında cinsi fantaziyalar qurur.[8] Pedofillər hər hansı səbəbdən bir az yaşlı uşaqla evlənən insan yox, bütün cinsi istəyini az yaşlı uşaqlarda cəm edən insana deyilir. Yəni, bir pedofilin bütün cinsi istəyi az yaşlı uşaqlar üzərində qurulu olur və onlar gördükləri hər uşaqdan şəhvət hissi yaşaya bilərlər. Bu sözü ilk dəfə istifadə edən şəxs Riçard von Krafft-Ebinqdir (1886) [9]. Ebinq öz kitabında bu halı 14 yaşdan aşağı uşaqlara aid edir. Pedofilizmdə əsas götürülən yaş həddi sabit deyil və zamana, məkana görə dəyişir. Hazırda ölkələrə görə bu yaş həddi də fərqlidir. Bəziləri 12, 13, 14 bəziləri isə 18 olaraq müəyyən edib.

Çox maraqlı bir nüans budur ki, bu termin ancaq və ancaq 19-cu əsrdə ortaya çıxmışdır və daha öncə bu məsələyə heç toxunulmamışdır. Sözü gedən hədisi əsas götürərək İslam peyğəmbərinə pedofil damğası vurulması da məhz son dönəmlərdə müşahidə olunan haldır. Daha öncələr nə öz dövrünün düşmənlərində, nə də daha sonrakı islamafoblarda belə bir irad görülməməkdədir.  Bunun səbəbi tarixə baxdığımız zaman məlum olur.

Evlilik yaşının tarixi

Evlilik yaşının tarixi zaman və məkana görə olduqca dəyişkəndir. Biz tarix içində fərqli məkanlarda evlilik yaşını da olduqca fərqli görə bilirik. Tarixdə ilk dəfə evlilik yaşının qanun çərçivəsinə alınması 13-cü əsrə təsadüf edir. 1275-ci ilin İngiltərəsində hüquqşunas Edvard Kok evlilik yaşını 12 yaş olaraq təyin edir. 1576-cı ildə hüquqşunas Matteu Heyls İngiltərədə evlilik yaşını 10-11 yaş olaraq müəyyən edir. Həmin dönəmdə İtaliya və Almaniyada yaş həddi 12 idi. 18-ci əsrdə başqa ölkələr də yaş həddini qanunla müəyyən etməyə başladılar. 1791-ci ildə Napoleon Fransasında yaş həddi  11 olaraq müəyyənləşdirildi. 1863-cü ildə bu hədd 13 yaşa qaldırıldı. Danimarka, İsveç kimi ölkələrdə də yaş həddi ilk öncə 10-12 yaş müəyyən edilmiş, 19-cu əsrdə isə 13 yaşa qaldırılmışdı. 1875-ci ildə İngiltərə də yaş həddini 13 yaşa yüksəldir. Həmin dövrdə ABŞ əyalətlərində yaş həddi 10 və 12 yaş arasında dəyişməkdə idi. Zaman keçdikcə bu yaş həddi 16 yaşa qədər qaldırıldı və 1920-ci ildə Anqlo-Amerikan hüququnda 18 yaşa yüksəldildi.[10]

Bundan əlavə, biz qədim Yunanıstan və Romaya baxdıqda burada da yaş həddinin o dönəmlərdə aşağı olduğunu rahatlıqla müşahidə edə bilirik.[11]

Orta əsr Avropasında da tanınmış şəxslərin xanımlarının yaşı olduqca aşağıdır:

3-cü Somerset qrafı olan Con Bofortun qızı  Marqaret Bofort (1443-1509) ilk dəfə 7 yaşında Saffolk hersoqu olan Con de la Pola ərə verilir. Lakin bu nikaha 3 il sonra xitam verilir. 12 yaşında Marqareti Tüdorlar sülaləsindən olan 1-ci Riçmond qrafı Edmond Tüdora ərə verilir. Bu izdivac nəticəsində gələcək İngiltərə  kralı VII Henri  dünyaya gəlir.

Fransa kralı olmuş V Filipin qızı III Janna Fransalı (1308-1347) 10 yaşında özündən 13 yaş böyük olan Burqundiya hersoqu IV Edə ərə verilib.

Svorç sülaləsinin ən qan içən nümayəndəsi olan Milan hersoqu Qaleaço Mariya Svorçun qeyri-qanuni qızı Katerina Svorç (1463-1509) da 10 yaşında  Roma papası IV Sikstin qohumu olan kilsə kapitan-generalı Cirolamo Riarioya ərə verilib.

Savoyi qraflığının hersoqu olan II Filipp  Savoyskinin qızı Luiza Savoyskaya (1476-1531) 11 yaşında Anqulem qrafı Karl Orleanskiyə ərə verilib. Bu izdivac nəticəsində gələcək Fransa kralı olan I Fransisk dünyaya gəlir.

Hereford qraflığını idarə edən Boqunlar sülaləsindən olan Mariya de Boqun (1368-1394) 12 yaşında İngiltərə kralı IV Henriyə ərə verilir. O, eyni zaman da kral V Henrinin anası idi.

Milan hökmdarı olan II Qaleaço Viskonti 30 yaşında olanda 13 yaşlı Byanka Savoski (1337-1387) ilə ailə həyatı qurur.

İngiltərə kralı I Eduard Kastiliya kralı III Fernandonun 13 yaşlı qızı Elyanora Kastilskaya (1241-1290) ilə ailə həyatı qurur. Bu izdivacdan kral II Eduard dünyaya gəlir.

Macarıstan kralı Matiyaj Korvin Çexiya kralı Podebradlı Yirjinin 13 yaşlı qızı Katerina Pobedralı (1449-1464)  ilə ailə həyatı qurur.

Edam olunan məşhur Fransız Kraliçası Mariya Antuanetta (1755-1792) gələcək Fransa kralı olan XVI Lüdovikə 15 yaşında ərə verilib.[12]

Hazırda  Avropada da evlilik yaşı dəyişməkdədir. 2018-ci ildə Belçika bu yaşı 16-dan 14-ə endirdi.[13]

Hədis doğru olsa belə biz nə üçün İslam peyğəmbərinə pedofil deyə bilmərik?

Hədisin doğru olmadığı, doğru olsa belə yanlış anlaşıldığını yuxarıda isbat etdik. Lakin, hədisi doğru saysaq belə İslam peyğəmbərinə heç bir vəchlə pedofil deyə bilmərik. İslam peyğəmbəri hz. Muhəmmədə pedofil deməyin mümkünsüz olduğuna əsas verən səbəblər:

1.Yuxarıda da qeyd etdiyimiz kimi, pedofillik bir psixoloji xəstəlikdir və bu insanlar gördükləri hər uşağa cinsi istək bəsləyə bilərlər. İslam peyğəmbərində isə belə bir hal müşahidə edilməməkdədir. Onun evlilik etdiyi xanımların hardasa hamısı yaşlı xanımlar olub. Təkcə xanım Aişənin 9 yaşda olması peyğəmbərin pedofil olmasına əsas verə bilməz. Bu evlilikdə başqa səbəblərin də olması mümkün ola bilər.

2.Tarix boyu evlilik yaşı dəyişkən olmuşdur. Biz tarixə baxdığımız zaman, yaş həddinin müəyyən edilməsini ancaq 13-cü əsrdə görə bilirik və 19-cu əsrə qədər bu yaş ən çox 13 olmuşdur. Pedofillik anlayışının da məhz 19-cu əsrdə ortaya çıxmasının başlıca səbəbi də budur. 19-cu əsrdən öncə yaş həddinin 10 olduğu ABŞ kimi ölkələr belə var və bu zamanda bunu edən insanlara pedofil adı verilə bilməz, çünki onların zamanında və onların məkanında bu hal olduqca normal qarşılanırdı. İllər keçdikcə yaş həddinin yüksəldildiyi fiziki inkişafdan dolayı olmuş ola bilər. Əsrlər keçdikcə insanların fiziki inkişafı zəiflədiyi üçün, mümkündür ki, evlilik yaşı da qaldırılmışdır. Bu zaman biz nə üçün 7-ci əsrdə Ərəbistan yarımadasına müasir pedofillik yaş həddini aid etməliyik? Əgər o dönəmdəki qadının fiziki və psixoloji vəziyyəti evlilik etməsinə imkan verirdisə, buna pedofillik deməyə əsasımız nədir? Xatırladım ki, hazırda yaş həddi yenə də dəyişməkdədir. Keçən il (2018) Belçikada bu məsələ yenə aktual hal aldı və yaş həddi 16-dan 14-ə endirildi. Mümkündür ki, gələcək illərdə bu yaş həddi 9 və ya 10 yaşa endirilsin və ya tam əksi, 25-30 yaşa qədər qaldırılsın. Bu zaman ortaya təməl 2 sual çıxır ki, bunu da oxuculara həvalə edirəm?

1.Əgər pedofillikdə yaş həddi 9 yaşa qədər endirilsə, bu zaman islamafoblar nə deyəcək? Bu dəfə peyğəmbərin doğru addım atdığı qənaətinə gələcəklər?

2.Əgər pedofillik yaş həddi 25-ə qaldırılarsa, bu zaman 14 əsr öncəki peyğəmbərə pedofil deyən islamafoblar 25 yaşdan aşağı xanımla evlənmələrinə görə özlərinə pedofil deyəcəklər?

İstənilən halda hər məsələdə zaman və məkan diqqətə alınmalı, edilən tənqidlər də buna uyğun edilməlidir. Bunun əksini edən insan özünü aldatmaqdan başqa heç nə etməyəcək və bu aldatma onu böyük bir uçuruma aparacaq.

PS. Yazının hədis bölməsində müəllifini bilmədiyim yazıdan istinadlar vardır.


[1] Buxari, 5-ci kitab, hədis 1553.

[2] Təvatür lüğətdə bir şeyin digərindən sonra sıra ilə (ard-arda) gəlməsinə deyilir. Məsələn bir nəfər gəlib bir xəbər verir, sonra başqa şəxs gəlib yenə həmin xəbəri verir, daha sonra bir nəfər də gəlib o xəbəri verir.

[3] Buxari, “Kəfalət”, 4, “Mənaqib əl-Ənsar”, 45, “Ədəb”, 64, “Səlat”, 86; Əhməd, “Müsnəd”, 6/198

[4] Besət müsəlmanlar arasında Məhəmməd peyğəmbərin Hira mağarasında Allah tərəfindən peyğəmbərliyə seçilməsinə deyilir.

[5] Buxari, “Fəzail əl-Quran”, 6; Fəth əl-Bari, 11/291; Eyni 20/21

[6] Nəvəvi, “Təhzib əl-Əsma”, 2/597; Hakim, “Müstədrək”, 3/635

[7] İbn Əsir, “Usud əl-Ğabə”, 3/467

[8] Encyclopædia Britannica

[9] Richard von Krafft-Ebing – Psychopathia Sexualis

[10] Stephen Robertson, University of Sydney, Australia – Age of Consent Law

[11] A Senior Honors Thesis – Ancient Pedophilia

[12] Abdulla İsmayıloğlu – “Tanıdığımız” və tanımadığımız tarixi şəxsiyyətlər

[13]BBC News Türkçe – Belçika cinsel ilişki rıza yaşını 16’dan 14’e indirdi, 23 Temmuz 2018