Avqust 30, 2019

Ziya Balıyev – Nisa surəsi 34-cü ayə haqqında

İslamafobların İslama qarşı ən çox gətirdikləri arqument Nisa surəsi 34-cü ayədəki “qadınları vurun” məsələsidir. Məsələyə burada qısa cavab yazaq.

1. Qadın hansı əmələ görə vurula bilər?

Ayədə itaətsizliklərindən qorxulan qadınların vurulmasının icazəli olduğu deyilir. Bəs buradakı itaətsizlik nədir? Ayədə itaətsizlik üçün keçən söz “nuşuz” sözüdür. “Nuşuz” ərəb dilində xırda sözdən çıxma, şıltaqlıq yox, olduqca iyrənc bir əməl üçün istifadə edilir. Yəni, qadın kişiyə çay gətirmədi, yemək vermədi deyə kişinin onu vurmaq hüququ yoxdur. Bunların heç biri “nuşuz” deyil. Kişi o təqdirdə qadını vura bilər ki, qadın çox iyrənc bir əmələ meyl etsin. Məsələn, oğurluq, cinayət və.s. Azəbaycanlı və türkiyəli ateistlərin ayəyə irad tutmalarını da anlamaq çətin deyil. Türkiyə və Azərbaycan kimi ölkələrdə ailələrdə qadın zorakılığı çox olduğu üçün, bir çox insan atalarının analarına qarşı etdiyi zorakılığı Quranın əmr etdiyi şey olduğunu zənn edirlər. Məsələn, adını qeyd etdiyimiz ölkələrdə uşaq gözünü açıb görür ki, yeməyə, çaya görə kişi qadını döyür və Quranın bu ayəsini gördükdə, bunların eyni şey olduğu qənaətinə gəlir. Əslində isə belə deyil, Quranın ayəsi çox iyrənc işlər üçün nəzərdə tutulub.

2. Qadın hansı zaman vurula bilər?

Ayədə qadının günahını görən kimi vurun deyilmir. Bu şey 3 mərhələyə bölünüb. Əvvəlcə qadında böyük bir günah sezsəniz ona nəsihət edin deyilir. İslama görə ən xeyirlisi budur. Oturursan qadının yanında hər tərəfli məsələni ona izah edib,nəsihət verirsən. Əgər qadın bununla özünə gəlməsə və əməlinə davam etsə, o halda kişi yatağını ayırır və qadını danışdırmır. Əgər bu halda da qadın əməllərinə son qoymasa, son çarə kimi vurun feli işə keçir. Əslində burada Quranın möqeyi olduqca humanistdir. İnsanla davranış formalarını ortaya qoyur. Qadında bir yanlış əməl görsən belə, ilk dəfədən ona şiddət göstərməməyi, məsələnin mahiyyətini ona izah etməyi, sözün həqiqi mənasında onunla dost olmağı təlqin edir. Əgər qadın bu incə davranışdan pay götürməsə, o halda onu qorxutmaq olar. Çünki, nəsihət və küskünlükdən pay götürməyən insan özü üçün başqa yol qoymur. İslamafobların da ilk iki mərhələni, yəni nəsihət və küskünlüyü görməməsi, bir başa vurun felinə baxması olduqca başa düşülən haldır. Çünki, onlar üçün həqiqət yox, tərəf önəmlidir.

3. Qadın hansı formada vurula bilər?

Bütün tarix boyu bütün alimlərin vurmaq mövzusundakı rəyi eynidir: Qadını üzündən vurmaq və ya hər hansı yerini vuraraq göyərtmək qətiyyən olmaz, haramdır. Bu müasir dönəmdə deyilən bir fikir deyildir, Təbəridən bugünə qədər bütün təfsirlərdə yer alır. Bəs üzdən vurmaq, göyərtmək olmazsa, o halda vurmaq nədir ki? Buradakı vurmaq feli sadəcə tənbeh və qorxutmaq məqsədilədir. Möhkəmdən vurmaq, xəsarət yetirmək heç bir halda icazəli deyil. Necə ki, uşaq sözündən çıxarsa, qorxutmaq üçün çiyninə vurub hədələyərsən, Nisa 34-cü ayədə də vurun feli də eynilə budur. Bu məsələ o qədər sabitdir ki, hətta şiə və sünni hədisləri də bu məsələdə vəhdət halındadırlar. Hər ikisinin hədislərə görə rəyi budur: Qadını vurmaq deyəndə, bir misvak çubuğuyla vuracaq qədər asta vurmaq nəzərdə tutulur.

4. Ateist bir insan bu məsələyə irad tuta bilərmi?

Ayənin məğzini izah etdik.
1. İyrənc bir əməl olarsa
2. Sözlə yola gəlməzsə
3. Xətər yetirmədən, sadəcə tənbeh məqsədilə

Ayədəki vurun feli bu məqsədlə gəlməsəydi, ateistlərin anladığı kimi olsaydı belə, yenə də ayəyə irad tuta bilməzdilər. Çünki, bu əxlaqi bir məsələdir və ateist olan şəxs heç bir vəchlə əxlaqi məsələyə irad gətirə bilməz. Əxlaqi bir məsələyə irad tutan insanın əlində mütləq formada “Obyektiv əxlaq qaydaları” olmalıdır. Bir ateist də heç bir ali varlığı qəbul etmədiyi üçün, obyektiv qaydalar toplusuna sahib deyil. Bu halda o, yaxşı və pisi müəyyən edə bilməz, bu məfhumlara sadəcə nisbi nəzərlə baxa bilər. Nisbi nəzərlə baxmağa məcbur qaldığı üçün ateist, nəinki qadın döyməyə, hətta insestə, insan alverinə və daha iyrənc şeylərə də pis deyə bilməz.