Avqust 30, 2019

Ziya Balıyev – Nur surəsi 33-cü ayə haqqında

Nur surəsi 33-cü ayə son dönəmlərdə Qurana qarşı ortaya atılan əsas iddialardan biridir. Bu ayəyə qarşı ortaya atılan iddia ayənin konteksindən, nüzul səbəbindən, ərəb dilindən xəbərsizlikdən qaynaqlanır. Yaqub Dəniz kimi yalançıların ucbatından gənclər ayəni olduğu kimi deyil, tamamilə fərqli, ağıla gəlməyəcək formada başa düşürlər. Əvvəlcə ayəyə baxaq:

“Evlənmək (imkanı) tapmayanlar, Allah Öz lütfü ilə onların ehtiyaclarını aradan qaldırana kimi gərək iffətli olsunlar. (Qullardan özlərini almaq və pulu tədricən vermək üçün) yazılı müqavilə istəyənlərlə, əgər onlarda bir xeyir (həmin məbləği ödəmək və müstəqil həyat sürmək qüdrəti) bilsəniz, onlarla yazılı müqavilə bağlayın və Allahın sizə verdiyi ilahi maldan (zəkatın qulun azad olunmasında istifadə üçün müəyyənləşdirilmiş hissəsindən) onlara verin (ki, özlərini azad etsinlər). Və iffətli olmaq istəyən cavan kənizlərinizi, dünya malı tələbi ilə zinaya məcbur etməyin. Kim onları məcbur etsə, həqiqətən, Allah onların məcbur edilmələrindən sonra çox bağışlayan və mehribandır.”

Ayədə irad tutulan ilk məsələ kölənin özünü azad etməsi üçün pul ödəməsidir. Bəzi şəxslər Avropanın müəyyən hüquq konsepsiyalarını əsas gətirərək buna insan alveri deyirlər. Lakin bu irad olduqca əsassızdır.

Əvvəla qeyd edək ki, insan alveri pulla qadın ticarəti, orqan ticarəti və.s kimi şeylərə aiddir. Dünyanın heç bir qanununda kölənin işləyib pulunu ödəyərək azad olmasına insan alveri adı verilmir, verilə də bilinməz.

Bəs ayədə qeyd olunan kölə kimdir? Müsəlmanların əlində olan kölələr ancaq müharibə zamanı əsir tutulan şəxslərdir. Müharibə zamanı ələ keçirilən şəxslər qul kimi saxlanılırdı. Bu prosesin özündə heç bir yanlışlıq yoxdur. İslamda ancaq müdafiə cihadı olduğu üçün, döyüşlər yalnız qarşı tərəfdən hücum olduğu təqdirdə baş verirdi. Müsəlmanlara düşmən olan şəxslər onların üzərinə hücum edirdi, müsəlmanlar da qalib gəldiyi təqdirdə onları əsir götürürdülər. Bu hadisə bugün də baş verməkdədir. İstər iki dünya müharibəsində, istər Qarabağ savaşlarında, istərsə də ən müasir ABŞ-İraq müharibəsində əsir tutulan şəxslər vardır və bu şəxslər hər zaman kölələşdiriblər və müəyyən işlərdə istifadə ediliblər. Avropanın bu barədə qərarları olsa da, bugünə qədər istər Avropa ölkələri, istərsə də qeyriləri bu qanunlara məhəl qoymayıblar. Heç bir müharibədə bu qanunların keçərli olmaması bizə bunu göstərir ki, bunlar sadəcə söz yığını və illuziyadır. Belə olduğu təqdirdə də bu qanunlar bizə dəlil kimi gətirilə bilinməz. Çünki qanunların praktiki heç bir əsası yoxdur.

Ayədə qulun öz pulunu ödəyərək azad olması da möhtəşəm bir humanizm nümunəsidir. Bucür davranış özünü ən humanist göstərən Avropa və ABŞ-da belə tətbiq edilməmişdir. Müasir dönəmlərdə belə əsir düşən şəxslərin Avropada, Amerikada aqibəti bilinməzkən, 1400 il öncə İslam onların azad edilməsini müsəlmanlara vacib edib. Qul istədiyi işdə (haram oımayan) işləyib öz azad olma pulunu ödəyə bilər. Bununla yanaşı, müsəlman şəxs özü də köləyə bu məbləğdə kömək etməlidir. Ayədən bu şey açıq aşkar görülməkdədir.

Ayədə keçən “Muqatəbə” sözü də, köləylə bağlanılan müqavilədir. Bu müqaviləyə əsasən ağa öz köləsinə şərait yaratmalı, kölə də işləyib pulu ödəyərək özünü azad etməlidir.

Əlqərəz, ayədə ilk irad tutulan məsələ tamamilə əsassız bir məsələdir. Bu şeyə insan alveri adı verilə bilinməz.

Ayənin əsas irad nöqtəsi tamamilə başqadır. Ayədə qeyd olunur ki, “iffətli qalmaq istəyən qadınları zinaya məcbur etməyin.” İrad tutanlar qeyd edirlər ki, ayədə ancaq iffətli qadınları məcbur etməyin deyir, deməli özü istəyənlər bunu edərək pul qazanıb azad ola bilər. Bu fikir tamamilə yanlışdır.

Ayədə keçən “biğai” sözü zina mənasını verir, yəni qeyri qanuni münasibət. Zina da Quranda dəfələrlə qadağa edilib. Buna nümunə kimi İsra surəsi 32-ci ayəni göstərmək olar. Ayədə açıq aşkar zinanın qadağasını görürük. Deməli qadın iffətli oldu və ya olmadı fərq etməz, zina haramdır və qadağa edilib. Ayənin ardınca “məcbur edilsələr Allah onlara günah yazmaz” hissəsindən də anlaşılır ki, bu iş özlüyündə haramdır və günah yazılır. Ancaq məcbur edilsələr Allah onlara günah yazmaz. Əgər iş özlüyündə qadağa olmasaydı, bu ayədə günaha vurğu edilməsinə əsas yox idi.

Bəs nə üçün ancaq iffətli qadınların məcbur edilməsindən söhbət gedir? Çünki, ayə konkret bir hadisə üçün nazil olub və məhz bu şeyin qadağası üçün gəlib. Həmən dövrdə Abdulla ibn Übeyy adlı bir münafiq öz cariyələrini zorla zinaya məcbur edərək bundan pul qazanırdı. Peyğəmbərə bu barədə şikayət edildikdə isə, Nur surəsi 33-cü ayə nazil olunur ki, bu pis bir əməldir və haramdır. Yəni, ayədə məhz zorla zinadan söhbət getməsi Abdullah ibn Übeyyin əməlinə görə idi və insanlara bildirildi ki, bu şeyi etmək olmaz. Ümumilikdə zinanın qadağası isə dəfələrlə Qurani-Kərimdə qeyd olunub.

Son olaraq, Yaqub Dəniz kimi şarlatanlar ayədəki “bundan sonra Allah bağışlayar” sözünü qadını zina etməyə məcbur edən adama aid olduğunu deyirlər. Bu sadəcə gülünc və utancverici haldır. Bağışlamaq sözü zinaya məcbur qalmış qadına aid edilir ki, o zinanı öz xoşuyla etməyib, məcbur qalıb. Zina günah iş olsa da, məcbur edilən şəxsə günah yazılmır, onun günahı məcbur edən şəxsə yazılır.