Avqust 3, 2018

Ziya Balıyev-Orta əsrlərdə İslam və Təkamül fikri

Uilyam Dreper “Din və elm ziddiyətinin tarixi” kitabında bu sözləri qeyd edir:
“İslam dünyasında bəzən təəccübləndirici bir formada, bizim zamanımızda və bizim tərəfimizdən irəli sürülməsiylə öyündüyümüz fikirlərlə qarşılaşırıq. Bizim müasir təkamül fikirlərimiz onların məktəblərində öyrədilirdi” (1)
Həqiqətəndə bir dönəmlərdə təkamül fikri İslam dünyasında çox məhşur bir mövzu idi və bir çox alim tərəfindən qəbul edilirdi. Çarlz Darvinin “Növlərin mənşəyi” kitabı dərc edildikdən sonra kilsə ilə bu nəzəriyyə arasında qarşıdurmalar yarandı, çünki kilsə inanırdı ki, İsa tanrının oğludur və onun simasında yaradılıb, belə olduqda isə, insan insan kimi yaradılmalı idi. Bu qarşıdurmalardan sonra Qərb dünyasında təkamül nəzəriyyəsinə qarşı böyük bir hərəkat başladı ki, bu da İslam coğrafiyasına təsirsiz ötüşmədi. Bu hərəkatdan təsirlənən İslam coğrafiyasında da əvvəllər qəbul edilən təkamül fikri cidd şəkildə tənqid edilməyə başlandı və İslama zidd bir şey kimi təqdim edildi. Müasir dövrdə bir çox din və elm insanları bu problemi aradan qaldırmağa çalışsa da hələki ciddi bir təsir göstərə bilmirlər.
İslam tarixində təkamül fikrinin banisi heç şübhəsiz Əl-Cahizdir. İlk təkamül kitabı deyə biləcəyimiz “Kitabül Hayavan” adlı əsərində Əl-Cahiz, canlıların dəyişməsindən bəhs edir və ilk dəfə bu gün mutasiya adı verdiyimiz hadisəni başqa adla, məsh adıyla ortalığa atır. Əl-Cahiz “Kitabül Hayavan”da xalqın məsh haqqında fərqli fikirlərdə olduğunu deyir və əlavə edir:”Bəziləri onun təkamülünü qəbul etdilər və onun it, tülkü, canavar və bənzəri heyvanları meydana gətirdiyini söylədilər. Bu ailənin üzvləri məshdən gəlməkdədirlər”. (2) Bu fikirlərdən açıq aşkar Əl-Cahizin canlıların fiziki dəyişməsini qəbul etdiyi görülməkdədir. Əl-Cahizin məsh fikri məhz Qurani Kərimdəki bir ayədən gəlməkdədir. Bəqərə surəsi 65-ci ayədə deyilir:”Biz onlara dedik:`Həqir meymunlar olun!`”. Əl-Cahiz də bu ayədən yola çıxaraq canlılardakı ani dəyişiklərin olması fikrinə gəlmişdi. Ona görə növlərdə dəyişikliklər olurdu, lakin bunlar tamamilə Allahın iradəsinə bağlı idi. Yəni təkamül var, canlılar dəyişir və bunları edən elə Allahın özüdür.
Əl-Cahizdən sonra təkamül haqqında fikir söyləmiş başqa bir İslam alimi İbn Xəldundur. İbn Xəldun canlıların dəyişməsini, birinin digərinə çevrilməsini açıqca qeyd etmişdir. Bununla kifayətlənməyən İbn Xəldun, özünün “Müqəddimə” əsərində insanların meymunlardan gəldiyini də çox aşkar formada yazmışdır. “Müqəddimə əsərində həmin sözlər belədir:
“Bir sinfin sonunda olan varlığın özündən sonra gələn sinfin ilk varlığının formasına düşməsi və dəyişməsi üçün ona yaxın istedat və qabiliyyətə sahib olması lazımdır. Heyvanlar aləmi genişləyib və növlərin sayı artıb, nəhayət düşüncəyə sahib insana qədər gəlib çıxmışdır. İnsan olma nöqtəsinə özündə zəka və idrak toplayan, lakin felən düşünmə mərhələsinə çatmamış meymunlar aləmindən gəlmişdir. İnsanlar aləminin ilk nöqtəsi bu olmuşdur. Müşahidəmizin çatdığı son nöqtə budur”. (3)
Əl Cahiz və İbn Xədunun açıq fikirlərindən başqa İslam tarixində bir neçə şəxs də vardır ki, onların dedikləri təkamül fikri kimi bir çox alim tərəfindən qəbul edilib, lakin başqaları tərəfindən də sərt bir şəkildə inkar edilib, bu fikirlərin ruhi təkamülə aid olduğu qeyd edilib. Bu şəxslərin ən məhşurları Miskəveyh, Nəsirəddin Tusi və Mövlanə Cəlaləddin Rumidir.
Miskəveyh təkamül haqqında olan fikirlərini özünün “Feyzül əsğər” adlı kitabında toplamışdır. Müasir dövrün böyük İslam mütəffəkkirlərindən olan Məhəmməd İqbala görə (4) Miskəveyhin düşüncələri tamamilə təkamül fikrini özündə əks etdirir. Miskəveyhə görə də canlıların ortaya çıxması bir-biri ilə bağlıdır və onlar bir-birilərindən çevrilərək formalaşırlar. Kitabında növlərin bir ipə düzülmüş incilər kimi olduğunu, bir növün sonuncusu növbəti növün birincisi olduğunu qeyd edən Miskəveyhə görə canlılığın ilk mərhələsi bitkilərdir. Bitkilərdəki canlılıq onları cansızlardan ayıran başlıca əsas xüsusiyyətdir. Xurma ağacı bitkilərin son mərhələsidir və heyvanlara olan keçid məhz Xurma ağacından başlayır. Burada Miskəveyh Xurma ağacıyla heyvanların oxşar cəhətlərini qeyd edir və Hz.Məhəmməddən “Xalanız Xurmaya hörmət edin” hədisini əsas gətirərək bu ağacı heyvanlığa keçid kimi təqdim edir. Xurma ağacından sonra gələn daha bəsit heyvanlar, sonra daha mürəkkəb heyvanlar və ən sonda isə İnsandır. (Miskəveyh, Fevzül əsğər, (5) Böyük Alim Nəsirəddin Tusi də Miskəveyhin fikirlərini eynisiylə mənimsəmiş və “Əxlaqi Nasiri” kiatbında bu məsələyə toxunmuşdur. Tusiyə görə də canlılığın inkişafı bitkilətdən Xurma ağacına, Xurma ağacından heyvanlara, heyvanlardan isə insan doğru hərəkət etməkdədir. (6)
Mövlanə Cəlaləddin Ruminin də bəzi fikirləri təkamül haqqında ilkin fikirlərdən qəbul edilmişdir. Yenə də böyük İslam mütəfəkkiri Məhəmməd iqbal öz kitabında Mövlanənin sözlərində bir təkamül fikrinin olduğunu qeyd edir. Əlində əsas tutduğu fikir isə Mövlanənin “Məsnəvi”də yazdığı bu beytlərdir:
“Torpağın içində
Mədən və daş ölkələrində yaşadım;
Sonra heyvanatla yerdə, havada və dəryalarda
Saatlarla gəzişdim,
Yeni bir doğuş üçün dənizə baş vurdum, havada uçdum,
Yerdə süründüm və qaçdım,
Və cövhərimin bütün sirri bir forma içində birləşdi və
Hamısını göz önünə sərdi – Və budur, insan! Sonra da qayəm!
(7)
Bütün bu fikirlərə rəğmən Miskəveyhin, Tusinin və Mövlananın bu fikirlərinin fiziki təkamüllə qətiyyən əlaqəsinin olmadığını qeyd edən alimlər də vardır. Onlara görə burada qeyd edilən təkamül tamamilə ruhu təkamülə aiddir və burada fiziki bir təkamüldən bəhs edilmir. Bura da bu mütəfəkkirlərin demək istədiyi, ruhun tərbiyə nəticəsində bitkilərdən heyvanlara, heyvanlardan insana doğru kamilləşdiyi fikridir. Yəni insan özünü tərbiyə edərək öncə bitki nəfsindən daha sonra isə heyvan nəfsindən tam azad olarak kamillik zirvəsinə, yəni insanlığa gəlib çatır.

 

  1. Uilyam Dreper, Din və elm ziddiyətinin tarixi, (Nyu York: Appleton and company, 1875), s. 118
  2. Əl-Cahiz, Kitabül hayavan, (Qahirə, 1945), c. 4, s. 24, istinad: Məhmət Bayraqdar, İslamda təkamülçü yaradılış nəzəriyyəsi, (Ankara: Kitabiyat, 2001), s. 49
  3. İbn Xəldun, Müqəddimə, tər. Süleyman Uludağ, ( İstanbul: Dergah Yayınları, 1982), c. 1, s. 364-365, İbn Xəldun, Müqəddimə, tər. Süleyman Uludağ, ( İstanbul: Dergah Yayınları, 2012), 8-ci nəşr, c. 1, s. 283
  4. Məhəmməd İqbal, İslamda dini təfəkkürün yenidən təşəkkülü, tər. Sofi Huri, (İstanbul: Çeltüt maatbacılık, 1964), s. 152-153
  5. Tunis: ed-Daru`l-Arabiyye li`l-kitab, 1987), s. 111-118, 126-130. İstinad: Rəcəb Alpyağıl, Təkamül və Dizayn, (İstanbul, İz yayıncılık, 2013), s. 218-224
  6. Nəsrəddin Tusi, Əxlaqi Nasiri, tər. Rəhim Sultanov, (Bakı: Lider nəşriyyat, 2005), s. 52-56
  7. Məhəmməd İqbal, İslamda dini təfəkkürün yenidən təşəkkülü, tər. Sofi Huri, (İstanbul: Çeltüt maatbacılık, 1964), s. 204-205