Noyabr 29, 2018

Ziya Balıyev – Pərvin Abışovanın müsahibəsinin tənqidi

Son dönəmlərdə ateist fərdlərin bilib-bilmədən dinlər, xüsusən də İslam haqqında danışması geniş hal almışdır. Ən pis hadisə də budur ki, bu bilgisiz fərdlər internet saytları və televiziya kanallarına çox asanlıqla yol tapa bilirlər. Hər halda, bucür qalmaqallı mövzullar baxış sayını artırdığı üçün senzura qoyulmur. Son günlərdə jurnalist Pərvin Abışova da “Xəzərinfo.az” saytına bir müsahibə verib və din haqqında bilmədiyi məsələlərdən bəhs edib. Pərvin xanımın “Mənim fikrimi yəni öz düşüncələrimi bilmək istəsənizsə, istər Tövrat ,istər İncil, istər Quran, istərsə də Avesta -hamısı bir-birinin təkrarıdır və bir amala qulluq edir.” Başlıqlı yazısına hissə-hissə nəzər salaq.

“Dindarlar niyə aqressivdir?” sualına Pərvin xanım belə cavab verir:

”Dindarların aqressivliyi onların savadsızlığından irəli gəlir. Bir çox fanatik dindarlar var ki, onların demək olar Qurandan xəbərləri yoxdur. Təsirə düşərək  bu qənaətə gəliblər. Ağızdan eşitdikləri hədislərlə, bir iki ayə ilə, ayə də deməyək ayələrdə keçən cümlələrlə fikirlərlə tam dindar müsəlman olduqlarını zənn edirlər. Buna görə də ateistlərlə fikir mübadiləsi apararkən dini bilikləri yetmir. Əksər dindarlar,daha doğrusu özlərini dindar adlandıranların çoxu heç Quranı belə oxumayanlardır.”

Çox gözəl yanaşmadır bu. Bəli, dindarların bir hissəsi savadsız ola bilər, lakin əsas problem ondadır ki, Pərvin xanım özü bu iddianı edə biləcək savada malikdirmi? Dindarları Quranı belə oxumamaqla günahlandıran Pərvin xanım, özü adlarını çəkdiyi kitablardan xəbərdardırmı? Müsahibənin ardında cavab görünür: Yox. Pərvin xanım elə bir xətaya yol verib ki, açıq aşkar dini kitablardan xəbərsiz olduğu bəllidir. Yəni, İttiham etdiyi savadsızlıq məsələsi onun özünə aiddir. Pərvin xanım, yazının ardında qeyd edir:

“Çox dərinə getməyəcəm. Primitiv misallar çəkəcəm.Donuzu Xristianlıq halal, İslam haram buyurur. Burada bir balaca düşüncəsi olan insan fikirləşməlidir ki, əgər bu kitabların hər üçünü Allah göndəribsə, niyə birində halal  buyurduğunu digərində insanlara haram buyurur?”

Burdan görünən odur ki, xanımın xristianların müqəddəs kitabı olan Bibliya haqqında xırda təsəvvürü belə yoxdur, sadəcə, intelektual görünmək üçün kitabların adını çəkir. Bibliyanın “Əhdi-Ətiq” kitabının “Qanunun təkrarı” hissəsində qeyd edilir:” Donuz da haramdır, çünki dırnağı ikiyə bölünsə də, gövşəmir. O, sizin üçün napak sayılır. Onun ətini yeməyin, leşinə toxunmayın.” (Əhdi-Ətiq, Qanunun təkrarı, 14-8). Elə təkcə bu məsələdən Pərvin xanımın bu sözləri yada düşür: “Bir çox fanatik dindarlar var ki, onların demək olar Qurandan xəbərləri yoxdur. Təsirə düşərək  bu qənaətə gəliblər.” Bu sözlər eyniylə xanımın özünə də aiddir, yəni, xanımın müqəddəs kitablardan xəbəri belə yoxdur, sadəcə təsirə düşərək dinsiz olub.

Müsahibənin ardında yenə də Pərvin xanım özünü bilən göstərmək xatirinə xətaya düşüb. Xanım qeyd edir:
Bilirsiniz, Quranda Əhzab surəsi başdan ayağa Məhəmməd peyğəmbərin arvadlarına yanaşmasından bəhs edir.”

Bu sözlər belə iddialı insan üçün həqiqətən də rüsvayçılıqdır. Əvvəla qeyd edək ki, Əhzab sözü Hizb sözünün cəm halıdır və mənası Ordular deməkdir. Ayənin adı, Xəndək döyüşündə müsəlmanlara qarşı birləşən ordulardan götürülüb. Surə 73 ayədən ibarətdir və içində sadəcə bir neçə qadın mövzusu vardır. Qalan mövzular isə, Xəndək döyüşü, Allaha itaət, Təsəddür, Allahı zikr və.s mövzulardır. Pərvin xanımın bu xətaya düşməsi, yenə də bilgisizliyin göstəricisidir. Bu iddiadan sonra əminliklə deyə bilərik ki, xanım, Quranı tam olaraq oxumayıb, sadəcə saytlarda keçən iddialara baxıb. Ümumiyyətlə, ölkədəki ateistlərin demək olar ki 90 %-i Quranı bu cür oxuyur; ya saytlarda İslamafob iddialara baxırlar, ya da Quran.az saytına girərək axtarışa müxtəlif sözlər yazıb oxuyurlar. Quranı tam oxuyan bir insanın bu xətalara düşməsi mümkünsüzdür.

Başqa bir iddiası belədir xanımın:

Niyə Məhəmməd peyğəmbər Xədicə vəfat edənə kimi evlənmədi, amma o öldükdən sonra dəfələrlə evlənib boşandı. Məsələlərə sağlam düşüncə ilə yanaşsaq cavab bəsiddir. Ona görə ki, Xədicə hökm sahibi idi. Dövrünün ən varlı qadını idi və Məhəmməd onun varidatının idarəçisi idi. O, Xədicənin üstünə arvad almaq kimi haqqa sahib deyildi. O zaman Xədicə onu boşayardı, bütün var-dövlət əldən çıxardı. Buna görə də Məhəmmədə evlənmək barədə ayələr Xədicənin vəfatından sonra nazil oldu. Quranda deyilir ki,hər bir imkanı olan müsəlman kişisi digər arvadlar alma ixtiyarına sahibdir. Amma Məhəmmədin sağlığında bu haqqı bircə onun kürəkəni Əli qazana bilməmişdi.”

İndi gəlin ilk öncə məsələnin ilk hissəsinə baxaq: Peyğəmbərin xanım Xədicəylə evli olduğu zaman başqa qadın almaması qorxu və var-dövlət üçün idimi? Bu iddianı etmək üçün insan hansı səviyyədə savadsız olmalıdır bunu bilmirəm həqiqətən. Pərvin xanım bu iddianı heç bir isbat olmadan, sadəcə fərziyyə ilə deyir, gəlin məsələni əqli çərçivədə analiz edək.

Əvvəla, peyğəmbərin xanım Xədicəni necə sevdiyi səhih hədislərlə ortadadır. Son anlarına qədər ən çox Xədicəni sevdiyini deyirdi Rəsulallah. Belə bir sevginin üzərinə onun başqa qadın almaması çox normaldır. İkincisi, Xanım Xədicə peyğəmbərə ilk iman gətirən şəxsdir, yəni, bütün qəlbiylə peyğəmbərə inanırdı. Bu halda, necə ola bilərdi ki, peyğəmbərə qadağa qoysun? Xanım Xədicənin dəfələrlə bütün malını peyğəmbərin gətirdiyi din üçün sərf etdiyinin şahidi oluruq tarixdə. Üçüncüsü, əgər məsələ var dövlət idisə, peyğəmbərə daha çox var-dövlət Məkkəlilərdən gəldi. Onlar peyğəmbərə bütün Məkkənin gəlirini təklif etdikdə, Rəsulallah onlara dedi:”Bir əlimə ayı, bir əlimə günəşi versəniz, yolumdan dönmərəm”.  Necə olur ki, bu qədər var-dövlətə arxa dönən peyğəmbər, xanım Xədicənin malına görə narahat oldu? Bütün bu iddialar onu göstərir ki, peyğəmbərin o dönəmdə evlənməməsi mal-mülkə görə deyildi, başqa səbəblərə görəydi. Xanımın vəfatından sonra peyğəmbərin dəfələrlə evlənib boşanması da yalan bir iddiadır. Peyğəmbər sadəcə iki qadını boşadı, onlarla da olan boşanması zifafdan öncəydi. Yəni, o qadınlarla zifaf olmadan müəyyən səbəb görə onları boşadı peyğəmbər. Bu qadınlar da Mədinədə evləndiyi Əsma binti Numan və Məkkənin fəthində evləndiyi Müleykədir. Boşadığı başqa xanımı yoxdur peyğəmbərin.

Hz.Əli haqqında olan iddia da sadəcə xəyal məhsulusur. Hər halda Pərvin xanım mütaliə etmədiyi üçün hədislərdən də xəbərsizdir. Əks təqdirdə Hz.Əli və xanım Zəhranın sevgisindən xəbərdar olardı. Hz.Əli bütün həyatı boyu bircə dəfə “Bugün mənim belim qırıldı” dedi, o da xanımın vəfatındaydı.

Növbəti iddiada deyilir:

Məsələn Quran qadına kəbin kəsildiyində əvəzində pul ödənilməsini təbliğ edir. Nə yazıq ki, hal-hazırda da bu adətlər icra olunur.Təsəvvür edin ki,indiki zəmanədə belə ərə gedən qız üçün başlıq alınır başqa adlar altında.Bu iyrənclikdir.”

Mehriyyənin ancaq pul olduğunu düşünən Pərvin xanımın, İslamın evlilik məsələsindən də xəbərsiz olduğu göz qabağındadır. Mehriyyə istənilən şeydən ola bilər və ən əsası mehriyyə qadının özünə aid bir şeydir, əgər istəsə bağışlaya da bilər. Yəni mehriyyə tamamilə pulla bağlı bir məsələ deyil və Pərvin xanımın bu məsələdə olan bilgisi də hardan qaynaqlanır anlaya bilmirik.

Növbəti iddia:

Məhəmməd peyğəmbərin çoxarvadlılığına dindarlar çox don geyindirirlər. Gah bunu tərəfdarların döyüşə gedərkən arvadları başsız qalmasın, gah da kasıb,dul qadınlara himayədarlıq etmək məqsədiylə edirdi deyirlər.Olmazdımı Allah tərəfindən seçilmiş bir elçi bu yaxşılığı cinsi qarşılıq tələb etmədən etsin? Səbəb nə olur olsun, bu Məhəmmədin azyaşlılarla ailə qurmağına bir haqq vermir. Bu sualı onlara verəndə o dəqiqə deyirlər ki,o dövrün 6-9 yaşlı qızları indinin 22 yaşında qadınları kimidi elə bil ki,o dövrü görüblər.Qarşılarına müəyyən faktları qoyarkən cavab tapmayanda ya söyürlər,ya da kafir deyib lənətləyirlər.”

İddianın öncəsində xanım çox arvadlılığı qınaq obyektinə çevirərək deyir ki, bu yanlış bir şeydir, himayədarlıq olsa belə gərək cinsi əlaqə olmazdı. Anlaya bilmirəm, heç bir əxlaq çərçivəsi olmayan ateist, hansı meyyara əsasən çoxarvadlılığı tənqid edir? Əgər bir qadın ərinin başqa qadın almasından razıdırsa, o halda bir ateist nə üçün narahat olur? Qeyd edək ki, İslamda ikinci qadını almaq üçün birinci qadının icazəsi vacibdir, əgər icazə olmasa kişi evlənə bilməz. İkinci bir məsələ, peyğəmbərin himayə etdiyi xanımların cinsi tələbarını kim ödəyəcəkdi? Başqasımı? Bu təqdirdə ortaya problem çıxır, peyğəmbərin evləndiyi bütün xanımlar özləri onunla evlənmək istəyiblər. O halda, xanımlar özləri peyğəmbəri ərləri olaraq istəyiblərsə, cinsi ehtiyacını niyə başqası ödəsin? Çox absurd bir iddiadır bu.

Digər məsələ isə peyğəmbərin xanım Ayşəylə evliliyidir. Sadəcə bir hədisdə xanım Ayşənin dilindən nəql edilir ki, “Biz evləndiyimiz zaman 9 yaşım var idi”. Bu hədisin sadəcə bir mənbədə olması onsuzda səhihliyini sual altına alır. Başqa mənbələrdə xanımın yaşı 17, 18, 20 olaraq keçir. Yaş hesablamasıyla da hesablayanda, evlilik zamanı xanımın 9 yox 18-20 yaşı olur.

  1. Aişənin bacısı Əsmadan 10 yaş kiçik olduğu məlumdur. Belə ki, Əsma bint Əbubəkrin hicrət zamanı Abdullah ibn Zübeyrdən hamilə qaldığı və 27 yaşında olduğunu bilindiyinə görə, bu səhabə xanımın 595-ci ildə doğulduğu aydın olur Görkəmli tarixçi İbn İshaq Əbubəkrin müsəlman olduğu vaxt qızı Əsmanın yenicə 15 yaşına qədəm qoyduğunu və 18 yaşında ikən müsəlman olduğunu bildirərək, xanım Aişənin də Əbubəkr tərəfindən İslama dəvət edildiyini və möminlərin anasının azyaşlı ikən İslamı qəbul etdiyini bildirir. Tarixçi Həbəşistana hicrətdən əvvəl müsəlman olanların adlarını sadalayarkən Aişənin də adını çəkir.
  2. Əbubəkrin oğlu Əbdürrəhman bacısı Aişədən bir yaş böyük idi. Bədir döyüşündə Qüreyş müşriklərinin səfində iştirak etdiyi vaxt Əbdürrəhmanın 20 yaşı vardı. Hüdeybiyyə müqaviləsindən sonra 27 yaşında ikən İslamı qəbul edən Əbdürrəhmanın 604-cü ildə doğulduğu məlum olur.
  3. Aişə Allahın rəsulu (s) ilə Bədir döyüşündən sonrakı Şəvval ayında evlənmişdir. Peyğəmbər (s) vəfat edərkən möminlərin anasının 27 yaşı vardı. Habelə, Aişədən rəvayət olunan hədislərlə onun Allahın rəsulu ilə 9 il evli qaldığını öyrənirik. Bütün bu rəvayətlər isə bizə onun 604 və ya 605-ci ildə anadan olduğunu deməyə əsas verir.
  4. Aişə ilə bacısı Əsmə arasındakı yaş fərqi ondur. (7) Buna görə (595+10=605) Aişənin doğumunun 605; hicrətdəki yaşının da (27-10=17) olduğu nəticəsi ortaya çıxmaqdadır. Evlilik hicrətdən yeddi ay sonra 27 reallaşdığına görə demək ki, bu sıralarda Aişə yaşı, on yeddini keçmiş, on səkkiz yaşına yaxınlaşmış deməkdir.

Bu barədə onlarla dəlil qoymaq ortaya.  Ayşənin yaşının 17-dən çox olması başqa hədislərlə sabitdir. Cəmi bir hədisdə 9 yaş olmasının səbəbi də, o vaxtkı yaş hesablamasına görə ola bilər. O dönəmlər qadınların yaşı həm doğumdan həm də ilk heyzdən hesablanırdı. Bütün dəlillər 18 yaşı göstərdiyi üçün böyük ehtimalla Ayşə xanım 9 yaş deyərkən ilk heyzindən hesablanan yaşını deyir. Qadın 9 yaşında ilk heyzini yaşayırsa, deməli xanımın yaşı 18 idi (9+9=18).

Bütün bu dəlilləri də kənara qoysaq, yenə xanımın 9 yaşı olmasında problem yoxdur. Bu dövrü məsələdir. Pərvin xanım çox absurd iddiayla “Sanki o dönəmdə olublar” deyərək vəziyyətdən qaçır, lakin tarixi dəlillər bizim dediyimizi isbat edir. Sadəcə bir neçə Avropalıların evlilik yaşına baxsaq, məsələ gün kimi aydın olur.

  1. 3-cü Somerset qrafı olan Con Bofortun qızı  Marqaret Bofort (1443-1509) ilk dəfə 7 yaşında Saffolk hersoqu olan Con de la Pola ərə verilir. Lakin bu nikaha 3 il sonra xitam verilir. 12 yaşında Marqareti Tüdorlar sülaləsindən olan 1-ci Riçmond qrafı Edmond Tüdora ərə verilir. Bu izdivac nəticəsində gələcək İngiltərə  kralı VII Henri  dünyaya gəlir.
  2. Fransa kralı olmuş V Filipin qızı III Janna Fransalı (1308-1347) 10 yaşında özündən 13 yaş böyük olan Burqundiya hersoqu IV Edə ərə verilib.
  3. Svorç sülaləsinin ən qan içən nümayəndəsi olan Milan hersoqu Qaleaço Mariya Svorçun qeyri-qanuni qızı Katerina Svorç (1463-1509) da 10 yaşında  Roma papası IV Sikstin qohumu olan kilsə kapitan-generalı Cirolamo Riarioya ərə verilib.
  4. Savoyi qraflığının hersoqu olan II Filipp  Savoyskinin qızı Luiza Savoyskaya (1476-1531) 11 yaşında Anqulem qrafı Karl Orleanskiyə ərə verilib. Bu izdivac nəticəsində gələcək Fransa kralı olan I Fransisk dünyaya gəlir.
  5. Hereford qraflığını idarə edən Boqunlar sülaləsindən olan Mariya de Boqun (1368-1394) 12 yaşında İngiltərə kralı IV Henriyə ərə verilir. O, eyni zaman da kral V Henrinin anası idi.
  6. Milan hökmdarı olan II Qaleaço Viskonti 30 yaşında olanda 13 yaşlı Byanka Savoski (1337-1387) ilə ailə həyatı qurur.
  7. İngiltərə kralı I Eduard Kastiliya kralı III Fernandonun 13 yaşlı qızı Elyanora Kastilskaya (1241-1290) ilə ailə həyatı qurur. Bu izdivacdan kral II Eduard dünyaya gəlir.
  8. Macarıstan kralı Matiyaj Korvin Çexiya kralı Podebradlı Yirjinin 13 yaşlı qızı Katerina Pobedralı (1449-1464)  ilə ailə həyatı qurur.
  9. Edam olunan məşhur Fransız Kraliçası Mariya Antuanetta (1755-1792) gələcək Fransa kralı olan XVI Lüdovikə 15 yaşında ərə verilib.

Son iddia isə budur:

“Əhzab 37-də Allah Zeydin arvadı olmuş Zeynəbi almağı buyurur. Mənim üçün qaranlıq qalan budur ki,müsəlmanların dili ilə desək , insanı yaradan Allah niyə yaratdığı bəndələrin dərdini düşünmür də,peyğəmbərin kimi alıb boşayacağını və ona necə şəkildə yaxınlaşacağını deyir?

Peyğəmbəri bu addıma ancaq Zeynəbə olan ehtirası vadar edib .Buna başqa ad vermək olmaz.Heç haqq qazandırmaq da olmaz. Oğulluq əgər sənin evində böyüyürsə, oğlun sayılır. Bir ata oğlunun boşadığı qadını necə ala bilər.O əgər Zeynəbi zinadan qoruyurdusa, bunu yaxın dindaşlarından birinə tövsiyyə edə bilərdi.Silahdaşlarının biri ilə evləndirə bilərdi.Amma belə çıxır ki,Allahı yenə Məhəmmədi ağır sınaq qarşısında qoyur,Əhzab 37-ni nazil edir,deyir keçmiş gəlinini almalısan.”

Əvvəla bir şeyi qeyd edək ki, Pərvin xanımın ayə haqqında qeydi tamamilə yanlışdır. Ayədə Allah tək peyğəmbəri yox, bütün insanları düşünür. Ayənin ardında onsuzda peyğəmbərə deyilir ki, sən bunu et ki, insanlar bu haqda çətinliyə düşməsin. Yəni peyğəmbər sadəcə nümunə idi, onun etdikləri bütün insanlara yön verirdi.

Peyğəmbərin oğulluğunun xanımı Zeynəblə evlənməsinin də ehtirasa görə olmasını iddia etmək bu məsələlərdən tam xəbərsizlikdir. Bunu çökdürən sadəcə bir nüans kifayət edir: Zeynəb uşaqlığından peyğəmbərin gözü qarşısında böyüyüb. Yəni, peyğəmbər onu uşaqlıqdan görüb, Zeydlə evlənəndən sonra yox. Əgər peyğəmbərin Zeynəbə ehtirası olsaydı, onu Zeydlə evləndirmək əvəzinə özünə alardı, amma əksini görürük, peyğəmbər özü Zeynəbi Zeydlə evləndirir. Bu halda da, edilən iddia əqlə tamamən ziddir. Bir insan bir xanımdan xoşlanarsa, onu özü alar, oğulluğuyla evləndirib, sonra boşayıb özünün alması heç bir məntiqə sığmır. Bu barədə daha geniş yazımızı, “Əhzab 37 məsələsinə açıqlama” adlı məqaləmizdə oxuya bilərsiniz.