Sentyabr 20, 2018

Ziya Balıyev – Qalib Əsədovun “Dinin mənşəyi” haqqında dediklərinin tənqidi

Azərbaycanlı nevroloq Qalib Əsədov, hazırda Azərbaycandakı ateistlərin əsas simalarından biridir. Ateistlərin mümkün qədər məşhurlaşdırmağa çalışdığı Qalib Əsədovun bir yazısına qısaca göz gəzdirəcəyik. Adını çəkdiyimiz nevroloq, Azvision.az saytında yerləşdirilən bir yazısında dinlərin mənşəyi məsələsinə toxunmağa çalışıb1. Qalib bəyin ixtisası Nevrlogiya olduğu üçün, dinlərin mənşəyi haqqında nəzəriyyələri səthi oxuyub hər halda, yoxsa, bu məsələyə XXI əsr üçün gülünc sayılan  yanaşmasının başqa izahı ola bilməz. Əvvəlcə Qalib bəyin bu haqda dediyi sözləri olduğu kimi qeyd edək:

İlk insanların təbiətə, xüsusən də ağlın gücüylə izah edə bilməyəcəkləri hadisələrə maraqları vardı. Bu sirrləri çözmək üçün geniş tanrılar və ilahələr sinfi yaratdılar. Onların köməyilə ildırım, zəlzələ, vulkan, quraqlıq, xəstəliklər və hətta sevgi kimi özəl anlayışların səbəbini açıqlayırdılar.”

Maks Müller

Qalib bəy bu iddiasında eynilə XIX əsrdə yaşamış alman filoloq Maks Müllerin “Naturizm” adlı nəzəriyyəsini irəli sürüb. Qeyd etmək lazımdır ki, dinlərin mənşəyiylə bağlı irəli sürülən 5 iddianın (Naturizm, Totemizm, Animizm, Magiya, Mana) ən zəifi Müllerin nəzəriyyəsidir və özündən başqa heç bir ciddi araşdırmaçı bu nəzəriyyəni doğru saymamışdır. Bu nəzəriyyəyə əsaslanan və onu həqiqət sayan insanlar, bu mövzuyla bağlı ciddi araşdırma etməyən insanlar olublar; siyasətçi Atatürk və ya nevroloq Qalib Əsədov kimi.

Maks Müller, bu nəzəriyyəni ortaya atarkən, dini araşdırma metodlarının heç birindən istifadə etməmiş və sadəcə təxəyyülünün ortaya çıxardığı fərziyyələrə əsaslanmışdır. Əslində çox az araşdırma etsəydi, bu nəzəriyyəni ortaya çıxmaqdan çəkinərdi. Alman filoloq bu nəzəriyyəni ortaya atarkən istifadə etdiyi tək mənbə, qədim Hind kitablarıı olan VedalarUpanişadlar olmuşdur. Vedalar və Upanişadlar üzərində böyük çalışmalar həyata keçirən Müllerin bir şey diqqətini çox çəkir; kitablarda var olan tanrıların əksəriyyətinin adı təbiətlə eynidir. Bu zaman Maks Müller, özünün Naturizm nəzəriyyəsini ortaya atır. Naturizmə görə ilk inanc məhz təbiətin özünün – günəş, ay, vulkan, yağış, külək, daşqın və.s.- tanrılaşdırılmasıdır. İlk insanlar aciz idilər və heç bir şeydən xəbərdar deyildilər. Bu cür zehni hələ tam inkişaf etməmiş və aciz insanları təbiət çox təəccübləndirirdi. Günəş nədir? Günəş necə isti saçır? Göydən yerə su nə üçün tökülür? Ağacları tərpədən, üzümüzə toxunan hava axını nədir? Yerdən göyə püskürən, hər şeyi məhv edən vulkan nədir? Heç bir cavab olmadığı və özlərini təbiətdən qoruya bilmədikləri üçün, ilk insanlar təbiəti tanrılaşdırıb ona sitayiş etdilər. Vulkan püskürürsə bu hansısa bir qəzəbdir. Vulkan tanrı qəzəblənib, ona yalvararaq, sitayiş edərək bağışlandıq bəlkə. Meşə yanırsa bu hansısa bir qəzəbdir. Alov tanrı qəzəblənib, ona yalvararaq, sitayiş edərək bağışlandıq bəlkə. Və beləliklə ilk tanrı təbiətin özündə meydana çıxdı, bütün tarix boyu insan övladına yoldaşlıq etmək üçün.2

Nəzəriyyəni tənqid edənlər elə ateistlər olmuşdurlar. Məşhur fransız sosioloq Emil Durkhaym bu nəzəriyyəyə verdiyi tənqidlərlə, nəzəriyyəni tamamilə əsassız hala salıb.

Emil Durkhaym

Birinci arqument budur ki, əslində ibtidai insanlar bu təbiət hadisələrinə vərdiş idilər və vərdiş olduqları hadisələr onlarda tanrı anlayışını ortaya çıxaracaq qədər ciddi təsir buraxa bilməzdi. İkinci və əsas arqument isə bundan ibarətdir ki, Müller sadəcə hind mətnlərini araşdırıb və oradakı tanrı adlarının təbiət adlarıyla eyni olmasından dolayı Naturizm qənaətinə gəlib. Əslində isə bu böyük xətadır. Təbiət adlarının tanrıya verilməsi sonrakı prosesdir, daha öncələrdə isə bu mövcud deyildi. Müller də, sonrakı dinləri araşdırıb və daha öncəkilərdən xəbərsiz qalıb deyə, bu cür xətaya düşüb, ortaya yanlış nəzəriyyə qoyub.3

Artıq modern dönəmdə Müllerin Naturizm fikri tamamilə qüvvədən düşmüşdür və istifadəsi gülünc hal almışdır. Çox təəssüflər olsun ki, bizim ateistlərin araşdırması çox məhdud və səthidir. Bir fikri oxuyan kimi, dərhal balaca uşaq kimi onu həqiqət sayır və məsələnin kökünə getmirlər. Bu da həm onların özünün doğru fikrə yiyələnməsinə mane olur, həm də insanları yanlış yönlərə yönəltmələrinə səbəb olur.

 

 

  1. https://azvision.az/news/151036/din-dovru-bitmek-uzredir,-elm-dovru-baslayir-%E2%80%93-qalib-esedov.html
  2. İbrahim Ethem Karataş, Max Müller: hayati, eserleri ve dinler tarihindeki yeri, (Dokuz eylül üniversitesi sosyal bilimler enstitüsü felsefe ve din bilimleri anabilim dalı, 2006); Edward Evans-Pritchard, İlkellerde din, (Öteki yayın evi, 1999) s.8-9
  3. Emile Durkheim, Dini hayatın ilkel biçimleri, (Ataç Yayınları, 2005), s. 95-110