Avqust 3, 2019

Ziya Balıyev – Qurana Görə Günəş Suya Batırmı?

İslam düşmənlərinin, yəni islamafobların Qurani-Kərimə qarşı olan bir çox iddiaları ilə rastlaşmısınız. Bu iddiaların bəziləri ciddi cavab tələb etsə də, bir çoxu bilgisizlikdən qaynaqlanan iddialardır. Bu insanlar ərəb dili, təfsir, nüzul səbəbi və başqa şeyləri bilmədikləri üçün, ayənin zahirinə baxaraq öz ağıllarına uyğun qənaət əldə edirlər. Qurana qarşı olan iddiaların ən məşhurlarından biri də Kəhf surəsinin 86-cı ayəsidir. Bu ayəni əldə əsas götürən İslamafoblar iddia edirlər ki, Qurana görə dünya düzdür və Günəş axşam suya batır, səhər isə sudan çıxır. Gəlin ayəyə bir yerdə baxaq.

“Nəhayət, Günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. (Zülqərneyn) onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: `Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!`”

Ayədə deyilir ki, Zülqərneyn Günəşi palçıqlı suda batan gördü. Ayənin tərcüməsinə baxdıqda həqiqətən də məna bucür görünür, lakin ərəbcə baxdıqda tamamilə fərqli mənzərə çıxır qarşımıza.

Ayənin ərəbcəsi:

حَتَّىٰ إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِنْدَهَا قَوْمًا ۗ قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَنْ تُعَذِّبَ وَإِمَّا أَنْ تَتَّخِذَ فِيهِمْ حُسْنًا

“Həttə izə bələğa məğribəş şəmsi vəcədəha tağrubu fi aynin hamiətin və vəcədə indəhə qəvmə, qulnə yə zəl qərnəyni immə ən tuazzibə və immə ən təttəhizə fəhim husnə.”

Ayənin ərəbcəsinə baxdığımız zaman görürük ki, sözü gedən ayədə günəşin batması üçün istifadə edilən söz “tağrubu” sözüdür. Bəs “tağrubu” nədir? “Tağrubu” sözü öz kökünü “qarəbə” sözündən götürür ki, bunun da mənası “qürub etmək”dir. Bizim dilimizə də keçən qərb, qürub sözləri, “qarəbə” sözündən yaranmışdır. Bunun mənası “Günəşin üfüq xəttində itməsidir”. Yəni, ayədə “Günəşi suda batan gördü” deyilən zaman anlaşılan “Günəşi suyun üzərində üfüq xəttində ittiyini gördü”dür. Burada qətiyyən fiziki batmaqdan söhbət getmir.

Bəs fiziki batmaqdan söhbət getsəydi, o halda hansı söz işlədilərdi Qurani-Kərimdə? Əgər söhbət fiziki batmaqdan getsəydi, yəni Günəşin suyun içinə girdiyi və orada batdığı nəzərdə tutulsaydı, o halda “tağrubu” yox “tağruqu” işlədilərdi. Qurani kərimdə bu sözdən dəfələrlə istifadə edilib. “Tağruqu” “qarəqə” sözündən götürür kökünü və bizim dilimizdəki “qərq olmaq” sözü də bu sözdən yaranmışdır. Qurani kərimdə bu sözün istifadə edildiyi olduqca çox ayə vardır. Bunlardan bir neçəsini misal çəkək.

Ənbiya surəsinin 77-ci ayəsi:

“وَنَصَرْنَاهُ مِنَ الْقَوْمِ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ إِنَّهُمْ كَانُوا قَوْمَ سَوْءٍ فَأَغْرَقْنَاهُمْ أَجْمَعِينَ”

Bu ayədə deyilir: “Biz onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Doğrudan da onlar, pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq.

Ayədə batırdıq sözü üçün istifadə edilən kəlmə “əğrəqnəhum”dur. Bu da suda qərq olmaq, batmaq mənasını verir.

Əraf surəsi 64-cü ayə:

“فَكَذَّبُوهُ فَأَنْجَيْنَاهُ وَالَّذِينَ مَعَهُ فِي الْفُلْكِ وَأَغْرَقْنَا الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا عَمِينَ”

Ayədə deyilir: “(Kafirlər) onu yalançı hesab etdilər. Biz onu və onunla birlikdə gəmidə olanları xilas etdik. Ayələrimizi yalan hesab edənləri isə (suya) qərq etdik. Doğrudan da, onlar kor adamlar idilər.

Burada da suda batmaq üçün istifadə edilən kəlmə “əğrəqnəlləzinə”dir. Bunun kimi başqa ayələr də vardır ki, özünüz baxa bilərsiniz bunlara.

Son olaraq, bizə irad tutula bilər ki, əgər dediyiniz doğrudursa, o halda ayədə nə üçün Zülqərneynin Günəşin batdığı yerə çatmasından danışılır. Ayədə deyilir ki, “Günəşin batdığı yerə çatdıqda.” Bu tamamilə tərcüməylə bağlı bir məsələdir. Ayədə keçən söz “məğribeş” sözüdür ki, “Günəşin batdığı yer” kimi tərcümə olunub. Əslində bu söz də “qarəbə” kökündən gəlir. Məğrib sözü Azərbaycan dilində də var və mənası Qərbdir. Bu sözün Günəşin fiziki batması ilə heç bir əlaqəsi yoxdur. Ayədə deyilən Zülqərneynin Qərbə gedib çatmasıdır.

NƏTİCƏ: Qurani-Kərimdə Günəşin suyun içində batmasından heç bir söz açılmır. Bu qənaətə gələn insanlar müəyyən bilgisizliklərdən dolayı gəlirlər.