Oktyabr 18, 2019

Ziya Balıyev – Qurani-Kərimdə dağ və zəlzələ məsələsi haqqında iradlara cavab

Geoloq Cəlal Şəngör bir proqramda Quranın xətalarla dolu olduğunu bildirir. Bu xətalardan birini söyləyən geoloq deyir: “Məsələn, Quran deyir ki, biz dağları zəlzələ olmasın deyə yaratdıq. Əslində isə belə deyil. Dağlar olan yerdə böyük zəlzələlər baş verir.”[1]

Həmin proqramda ona etiraz edərək “Quranı anlamadığını” deyən gəncə isə, “Mən anlamamışam? Mən Quranı dəfələrlə oxumuşam və Quranı adam kimi araşdıran insanları tanıyıram” deyə cavab verir. Lakin Qurandan gətirdiyi dağ və zəlzələ məsələsi bunu göstərir ki, bəli, Cəlal bəy həqiqətən də Quranı anlamayıb və “Adam kimi araşdıran insanlar” dediyi şəxslərin də araşdırmaları ciddi deyil. İndi keçək qeyd olunan məsələnin əsas məğzinə.

Quranda dağ və zəlzələ

Əvvəla Qurani-Kərimdə qeyd olunan dağ və zəlzələ əlaqəsindən bəhs edən ayələrə nəzər salaq. Bu barədə Quranda 3 ayə mövcuddur.

1.Nəhl surəsi 15-ci ayə

وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَأَنْهَارًا وَسُبُلًا لَعَلَّكُمْ تَهْتَدُونَ

Vəəlqə fi əl-ərdi rəvəsiyə ən təmidə bikum vəənhəran vəsubulən ləəlləkum təhtədun

O, sizi silkələməsin deyə, yer üzündə möhkəm dağlar və düzgün səmt götürəsiniz deyə, çaylar və yollar yaratdı.

2. Ənbiya surəsi 31-ci ayə

وَجَعَلْنَا فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِهِمْ وَجَعَلْنَا فِيهَا فِجَاجًا سُبُلًا لَعَلَّهُمْ يَهْتَدُونَ

Vəcəəlnə fi əl-ərdi rəvəsiyə ən təmidə bihim vəcəəlnə fiha ficəcən subulən ləəllhəum yəhtədun

Yerin onları yırğalamamasından ötrü orada möhkəm dağlar yaratdıq. Onlar (istədikləri yerə) gedə bilsinlər deyə, orada geniş yollar saldıq.

3. Loğman surəsi 10-cu ayə

خَلَقَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ وَأَلْقَىٰ فِي الْأَرْضِ رَوَاسِيَ أَنْ تَمِيدَ بِكُمْ وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ ۚ وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً فَأَنْبَتْنَا فِيهَا مِنْ كُلِّ زَوْجٍ كَرِيمٍ

Xaləqə əssəməvəti biğayri əəmədin təravnəhə vəəlqə fi əl-ərdi rəvəsiyə ən təmidə bikum vəəbəssə fiha min kulli dabbətin vəənzəlnə minə əssəmə-i məən fəənbətnə fiha min kulli zavcin kərəəm

O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik.

Qeyd etdiyimiz 3 ayə Qurani-Kərimdə zəlzələ və dağlarla bağlı olan ayələrdir. İndi bu ayələrdə istifadə edilən sözlərə və mənalarına qısaca diqqət edək.

Quranda dağlar

Qurani-Kərimdə dağlardan danışılarkən, biz çox zaman “Cibəli” kəlməsindən istifadə edildiyinin şahidi oluruq. Lakin, maraqlısı budur ki, sarsılmayla bağlı olan bütün ayələrdə əsas olan cibəli`dən yox, “Rəvəsiyə” sözündən istifadə edilir. Bunun səbəbi nədir? Tam dəqiq anlamaq üçün bu sözlərin mənalarına baxmaq lazımdır.

Leynin ərəb dili lüğətində rəvəsiyə sözünə bu mənalar verilib:

Sabit, dənizdə gəminin sabitlənməsi, bir gəminin ən aşağı hissəsinin suyun dibinə çatması və buna görə gəminin sabit qalması, uyğunluq, yerləşmə və ya əşyalar arasında düzəlişlər etmək, bir ənənənin və ya hekayənin bir hissəsini xatırlatmaq, muncuq və ya tısbağa qabığından hazırlanmış bilərzik, gəmilər üçün bir liman, kimləsə üzmək üzmək.

Göründüyü kimi rəvəsiyə sözü ərəb dilində bir çox şeyi ifadə etməkdədir və bu mənaların içində dənizlə bağlılıq da var. Lakin, cibəli isə bildiyimiz dağlardır.

Burada ilk suala yenidən qayıdırıq: Nə üçün söhbət sarsılmaqdan getdiyi zaman ərəbcə ən çox istifadə edilən cibəli sözü yox rəvəsiyə sözü işlədildi? Bunun bir cavabı var; Qurani kərimdə cibəli qurudakı dağları, rəvəsiyə isə sualtı dağları ifadə edir. Bu iddianı gücləndirəcək başqa bir ayə də vardır. Bu ayə Nəml surəsinin 61-ci ayəsidir. Ayədə deyilir: “Yeri məskən edən, arasından sular axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların əksəriyyəti (bunu) bilmirlər. Ayədə qeyd olunur ki, “yeri məskən edən və arasından sular axıdan.” Buradan görünən açıq aşkar budur ki, söhbət materiklərdən və materiklər arası okean və dənizlərdən gedir. Ayənin ardınca “dağlar yaradan və iki dənizin arasına maneə qoyan” sözü işlədilir. Buradan da görünür ki, dənizlərin arasında olan maneə dağlardır. Bəs hansı dağlar? Əlbəttəki sualtı dağlar. Bugün belə dənizlərin böyük faizi məhz sualtı dağlarla müəyyən edilir. Dənizləri bir-birindən və okeanlardan ayıran məhz bu dağlardır. Qəribə formada ayədə keçən dağ sözü rəvəsiyədir.

Bütün bunlardan bizə aydın olur ki, Qurani-Kərimdən keçən rəvəsiyə (dağ) sözünün böyük əksəriyyəti məhz sualtı dağları nəzərdə tutur, cibəli sözündə isə qəsd olunan qurudakı dağlardır. Bəs, sualtı dağların zəlzələlərlə əlaqəsi nədir?

Sualtı dağlar və zəlzələlər

Həqiqətdə sualtı dağların zəlzələlərlə çox yaxından əlaqəsi vardır. Bu dağlar həqiqətən də bizim sarsılmağımızın qarşısını mükəmməl formada ala bilirlər. Sualtı dağlar dünyada yarana biləcək meqazəlzələlərin qarşısını alaraq, onları mikrozəlzələlər formasında göndərir. Əgər bu dağlar dünyada mövcud olmasaydı, baş verən meqazəlzələlər dünyamızı çox böyük bir formada sarsacaq, hətta bizim varlığımız üçün də böyük bir təhlükə olacaqdı.

2011-ci ildə yayımlanan məqalədə bu dağların zəlzələlərin qarşısını necə aldığı qeyd olunmaqdadır.[2] Belə ki, sualtı dağlar tektonik plitələr üçün yumşaq bir səth formalaşdırır, birdən çox dayaq nöqtəsi yaradır və bir dayaq nöqtəsindən digərinə qəfil hərəkətinin qarşısını alır. Bununla da baş verəcək çox güclü meqazəlzələlərin əvəzinə, çox kiçik həcmli mikrozəlzələlər yaradır. Oreqon Dövlət Universitetinin “Okean və Atmosfer” bölməsindən geofizik Anne Trehu deyir: “Meqazəlzələlərin baş verməsi üçün tektonik plitələrin böyük bir hissəsi anidən qırılmalıdır. Lakin, sualtı dağlar birdən çox dayaq nöqtəsi formalaşdırdığı üçün bu baş vermir və meqazəlzələlər yerinə kiçik həcmli mikrozəlzələlər formalaşır.”[3]

Qurani-Kərimdə keçən ayələrdə də zəlzələ yox məhz sarsılma sözünə yer verilməsi olduqca diqqətə layiq haldır. Ayələrdə qeyd edilən nüans bizim tez-tez rastlaşdığımız zəlzələlər yox, bizi sarsacaq, hətta həyatda qalmağımıza təhlükə yaradacaq böyük ölçülü sarsılmalardır.

Yenə də ən doğrusunu Allah bilir.

Məqaləni, Ömər Nasir və Tahir Nasirin çalışmasından bəhrələnərək və xüsusi əlavələr qeyd edərək yazmışam.


[1] https://www.youtube.com/watch?v=azpPOVduzPU

[2] Kelin Wang, Susan L. Bilek; Do subducting seamounts generate or stop large earthquakes?

[3] Andrea Mustain – Diving Mountains: Can They Stop, or Start, Earthquakes?

Əlavə mənbələr

Singh, Satish C., Nugroho Hananto, Maruf Mukti, David P. Robinson, Shamita Das, Ajay Chauhan, Helene Carton et al. “Aseismic zone and earthquake segmentation associated with a deep subducted seamount in Sumatra.” Nature Geoscience 4, no. 5 (2011): 308-311.

Geersen, Jacob, César R. Ranero, Udo Barckhausen, and Christian Reichert. “Subducting seamounts control interplate coupling and seismic rupture in the 2014 Iquique earthquake area.” Nature communications 6 (2015).