Avqust 30, 2019

Ziya Balıyev – Sovetlərin din tənqidi

Qerman Titov 1962-ci ildə kosmosa uçduqdan sonra konfransda belə demişdi:”Mən kosmosa uçdum və tanrını orada görmədim. Deməli tanrı yoxdur.”

Əslində Titovun bu sözləri sovetlərdə din və tanrı anlayışının hansı səviyyədə olduğunu açıq formada ortaya qoyur. Sovet insanı o qədər materialist idi ki, tanrını belə kosmosda düşünürdü. Yəni, tanrı bizdən biraz böyük, bəlkə dünyamız, bəlkə də günəş boyda varlıqdır və kosmosda oturub bizə baxır. Bu qədər absurd tanrı anlayışı nəinki İslamda, heç Xristianlıqda belə yoxdur. Bəs sovet insanı tanrını nə üçün belə təsəvvür edirdi? Cavab bəllidir: Çox güclü senzura.

Sovet Sosialist Respublikasında çox güclü bilgi qadağası qoyulmuşdu. Hakim şəxslərin icazə verdiyi kitab və məqalələr çap olunur, qeyriləri isə insanlardan tamamilə gizlədilirdi. İnsanlar İslam tarixini İslam müəllifləri və hədislərdən yox, Anri Massedən öyrənirdilər. O dövrdə əldə olanlar ancaq bunlar idi. Buna görə də insanların təsəvvürü dövlətin istədiyi qədər olurdu.

Bir dəfə əlimə sovetlər dövründə çap olunmuş “Gənc ateistin kitabı” adlı bir kitab düşdü. Təsəvvür edə bilməssiniz, kitab “Məni İmam Hüseynin ayaqları altında basdırın deyən”, bütün həyatını Əhli-Beytə həsr edən Məhəmməd Füzulinin şeirilə başlayırdı. Şeirdə “mey” kimi sözlər işlənirdi deyə, bu irfani meyi içki, əyyaşlıq kimi təqdim edirdilər. Sovet insanı isə həqiqi Füzulidən xəbərsiz qalmışdı.

Nə üçün sovetlərdə çap olunmuş heç bir Sabir külliyatında Sabirin Əli Əkbər üçün yazdığı nohə yer almırdı? Çünki, insanlar Sabiri ateist tanımalıydı.

İsa Muğanna kimi adamlar pul və vəzifədən ötrü Nəsimini ateist kimi tanıdırdılar cəmiyyətə. Hansı Nəsimi ki, “Mən qulami xanıdanam, padişahımdır Əli” deyirdi. Nəsiminin filminə baxdıqda insanı həqiqətən dəhşət bürüyür. Filmdəki Nəsimi, İmadəddin deyil, gənc kommunist vir şairdir. Bircə Karl Marksdan sitat gıtirməyi qalıb ki, utanmasalar onu da edərdilər.

Bir də sovetlərin ən çox istifadə etdiyi “Lağ-lağa” tənqid üsulu mövcud idi. Dini müxtəlif lətifələrlə, yumorlarla ələ salıb insanlar üçün adiləşdirirdilər. “Qərib Cinlər diyarında” kimi filmlər metafizik varlıqları insanlar üçün sadəcə yumoristik personaja çevirməyi məqsədləyirdi.

Biz bugün sovet əsarətindən qurtulsaq da bəzi insanlar hələ də sovetlərin fikir işğalından yaxa qurtara bilmirlər. Bir dəfə bəzilərinin aydın saydığı şair Murad Köhnəqala yazmışdı ki, “Füzuli mənlik deyil, mənimki Nəsimidir, kafirdir o.” Bir şairin bucür düşünməsi nə qədər acınacaqlı olsa da qınamaq olmur, çünki onun beyni hələ də sovetlərin zəncirləri ilə möhkəm-möhkəm bağlıdır…