Mart 20, 2019

Ziya Balıyev – Sünnət haqqında olan tənqidlərə cavab

Son günlərdə “Elm Azərbaycan” səhifəsində qarşımıza çıxan bir yazı və bir çox ateistin bu məsələylə bağlı danışması səbəbindən bu məqaləni yazmağı labüd saydıq. Məsələ sünnətlə bağlıdır və təməlində duran arqument bundan ibarətdir ki, sünnət etdirmək ümumilikdə zərərli bir prosedurdur və bundan qaçmaq lazımdır. “Elm Azərbaycan” səhifəsində sözü gedən yazıda qeyd edilib ki, sünnət olan hər 10 uşaqdan 1-ində zədələnmə müşahidə olunur və sünnət edən insan hissizləşərək zövq almaqdan məhrum olur. Yazıda sünnətin cəmi bir faydası qeyd edilib ki, bu da nadir hallarda müşahidə edilən penis xərçənginin qarşısını almasıdır.

Reallıq isə tam fərqlidir. Bucür öz adını elmlə əsaslandıran səhifələrin sırf dini müddəaları baltalamaq üçün elm adından yalan danışmaları həqiqətən də elm adına xəyanətdir.

Bu yazıda məsələnin tam həqiqətini sizlərə təqdim edəcəyik.

Sünnət nədir?

Sünnət, kişi cinsi orqanının (penisin) üzərində olan və onu əhatələyən dərinin kəsilib atılmasıdır. Bu prosedur ABŞ-da daxil olmaqla dünyanın bir çox ölkələrində həyata keçirilir.[1] Sünnətin dini bir keçmişi də vardır ki, yəhudi və müsəlman toplumlarda bu proses məhz dini vacibiyyətə görə həyata keçirilir.

Sünnətin tarixi

Sünnətin tarixi çox qədimə qədər uzanmaqdadır. Qədim tarixçi Heredot e.ə 5-ci əsrdə qeyd edir ki, sünnət Misirdə təmizlik üçün həyata keçirilən bir prosedur idi. Heredota görə sünnətin tarixi çox qədimlərə dayanır. Müəllif kitabında qeyd edir ki, sünnət Misirdə, Efiopiyada, Kolxidada, Finikiyada, Suriyada, Fələstində və.s yerlərdə həyata keçirilirdi.[2]

Bu adətə yəhudilərin və xristianların müqəddəs kitabı olan Tövratda da vurğu edilir. Yaradılış 17-də belə deyilir:

“Sonra Allah İbrahimə dedi: “Sən isə əhdimə əməl et. Həm sən, həm də gələcək övladların əhdimə əməl etməlisiniz. Mənimlə sizin aranızdakı əhd budur: aranızda kişi cinsindən olan hər kəs sünnət olunmalıdır. Siz də, gələcək övladlarınız da bu əhdə əməl etməlisiniz. Siz sünnət olunmalısınız. Bu, Mənimlə sizin aranızda bağlanan əhdin nişanəsi olacaq. Aranızdakı səkkizgünlük oğlan uşaqları, istər evinizdə doğulsun, istərsə də nəslinizdən olmayıb satın alınan yadelli olsun, sünnət olunmalıdır. Bu, nəsildən-nəslə belə davam etməlidir. Həm evinizdə doğulan, həm də satın aldığınız hər kəs sünnət olunmalıdır. Bədəninizdə nişanəsi olan əhdim əbədi əhd olacaq. Kim sünnət olunmazsa, xalqının arasından yox edilməlidir. Həmin kəs Mənim əhdimi pozub.”[3]

Bu məsələ özünü İslamda da aşkar etmişdir. Bu proses İslam öncəsi Ərəbistanda da həyata keçirilməkdə idi[4] və İslam gəldikdən sonra da bu ənənə davam etdi. Hədislərlə və yaşayan sünnəylə sünnət olunmağın İslamdakı vacibliyi sabitdir. Üseymdən nəql olunan bir hədisdə deyilməkdədir:

“Peyğəmbərin yanına gəldim və İslamı qəbul etdim. Bundan sonra peyğəmbər mənə sünnət olmağı əmr etdi.”[5]

Başqa hədislərdə də bu məsələyə olduqca çox vurğu edilməkdədir. Hədislərə əsasən bir insan qoca yaşda belə müsəlman olarsa, sünnət edilməlidir. Sünnətsiz insanın həccdə təvaf etməsi batil, imam camaat dayanması mümkünsüzdür.[6]

Sünnət olunmaqla bağlı Qurani-Kərimdə heç bir aşkar ayə olmasa da, bir çox alim bəzi ayələri sünnətə şamil etmişdirlər.

 “Yaxşı işlər görərək Allaha təslim olan və hənif olaraq İbrahim dininin ardınca gedən şəxsdən din baxımından daha gözəl kim ola bilər? Allah İbrahimi sevimli dost tutmuşdur.”[7] ayəsində İbrahim dininə vurğu edilməsinin sünnətə də aid edildiyini vurğulayan alimlər olduqca çoxdur.

“Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!” ayəsindəki “Hünəfə” (حُنَفَاءَ)[8] sözünün də sünnətə aid olduğunu vurğulayan alimlər çoxdur.

Sünnətin tibbi faydaları

Sünnətin zərərli olduğunu və bundan qaçmağı tapşıran insanlar vardır, lakin onların dedikləri çox zaman elmi əsaslara görə yox, dini nifrət üzündən olmuşdur. Əslində isə sünnətin tibbi faydaları olduqca çoxdur, hətta bir çox tibbi inkişafın zirvəsində olan ölkələrdə həkimlər insanları sünnətə səsləyirlər.

Amerikan Pediatr Akademiyasının (AAP) açıqlamalarına görə, sünnətin faydaları risklərindən olduqca çoxdur. Buna görə də ABŞ-da uşağa sahib olacaq ailələr bu məsələdə məlumatlandırılır və onlara seçim haqqı verilir. Faydaları risklərindən daha çox olduğu üçün həkimlər uşaqları sünnət etməyi məsləhət görürlər.[9] Bu qərardan sonra bir kəsim Amerikan Pediatr Akademiyasına qarşı çıxaraq bunu qınasa da, AAP bu qınaqların heç bir əsası olmadığı cavabını verdi.

Sünnətin faydaları haqqında həkimlər bir çox açıqlama vermişdirlər. Belə ki, bu açıqlamalara görə sünnətin faydaları bunlardır:

1. Daha asan təmizlik – Tibbi faktlara görə, sünnətli kişilərin penisi sünnətsizlərə nisbətən daha təmiz olur, çünki sünnətsiz penislərdə dərinin altına daha çox mikrob yığılır.[10]

2. İdrar yolu infeksiyonu – idara yolu infeksiyonu kişilərdə bilinən bir xəstəlikdir və bu xəstəlik sünnətli kişilərə nisbətdə sünnətsiz kişilərdə olduqca çoxdur.[11] Statistikaya görə bu xəstəlik sünnətli kişilərdə 0.009-0.27% arasında dəyişilərkən, sünnətsiz kişilərdə 1.27-5.12% arasında dəyişir. Nisbət 10 qatdan daha çoxdur.[12]

3. Cinsi əlaqəylə yoluxan xəstəliklər – Statistikaya görə QİÇS də daxil olmaqla cinsi yolla yoluxan xəstəliklər sünnətli kişilərə nisbətdə sünnətsiz kişilərdə daha çox müşahidə edilir.[13]

4. Penis xərçəngi – Digərləri kimi penis xərçəngi riski də sünnətsiz kişilərlə nisbətdə sünnətli kişilərdə olduqca az müşahidə edilir.[14]

Sünnətin riskləri

Bəzi insanlar “sünnətin zərərləri” deyə ifadə işlədirlər ki, bu ifadə tamamilə yanlış və qəbul edilməzdir. Sünnət olunan insanın gələcəkdə zərər alacağını dəqiq demək mümkün deyildir, sadəcə belə bir ehtimal ola bilər ki, buna da zərər yox, risk demək lazımdır. Bu risklər isə aradan qaldırıla bilinən risklərdir.

1. Sünnət dərisi uzun və ya çox qısa kəsilə bilər.

2. Kəsilmə zamanı olan problemdə sağalma gecikə bilər.

3. Dəri qalarsa, bu yenidən cinsi orqana təmas edə bilər və bunun aradan qaldırılması üçün çox kiçik cərrahi əməliyyat lazımdır.[15]

Sünnətin pis olduğuna dair mövcud olan miflər  və cavabları

Sünnətin pis olmasını ortaya atanların bu iddianı əsaslandırmaq üçün uydurduğu miflər də mövcuddur. Bu miflər təkcə elmi yox, həm də fəlsəfi ola bilir. Əslində isə bu miflərin heç bir dəlili yoxdur və elmi ya da fəlsəfi  dəlillərlə əsaslandırıla bilinmir.

1. Sünnət etmək uşağın haqlarını pozmaqdır – Bu iddia tamamilə yanlış bir iddiadır. Bu iddianı əsas götürsək, o zaman problemli doğulan uşaqları da əməliyyat etmək xətalı və onların hüququnu pozan bir haldır. “Uşaq problemli doğulubsa, bəlkə gələcəkdə bu problemindən məmnun qalacaq, böyüyüb özü qərar versin” kimi bir iddia edən insanın psixoloji probleminin olduğundan siz də əmin ola bilərsiniz. İstənilən halda, uşaq üçün təhlükəli olan şeylər aradan qaldırılmalıdır. Sünnət dərisi idrar yolu xəstəliyi, penis xərçəngi, yoluxucu xəstəliklərə səbəb olduğu üçün onun aradan qaldırılması uşaq üçün faydalıdırsa, onun hüquqlarının pozulmasından heç kim danışa bilməz. Bu iddiada daha dərinə getsək, uşaqların məktəbə qoyulması da hüquq pozuntusudur. Çünki, 6 yaşlı uşaq hələ qərar vermək iqtidarında deyil və ola bilər ki, gələcəkdə oxumağı seçməz. Lakin bu iddianı heç kim etmir. Sünnət məsələsinə gəldikdə isə, lazımsız bir etiraz edilir ki, bu da açıq-aşkar din düşmənliyinin nəticəsidir.

2. Sünnət zamanı uşaqlar zədə ala bilərlər – Bu iddia süünətin yox, sünnət edən şəxsin problemidir. Ona görə də bu iddia haqqında uzun yazmağa ehtiyac belə yoxdur. Sadəcə, sünnət edən şəxsi doğru seçmək kifayətdir.

3. Sünnət psixoloji problem yarada bilər – Bu iddianın da heç bir elmi əsası yoxdur. Bunu dəstəkləyən heç bir ciddi psixoloji araşdırma və ya elmi bir fakt mövcud deyil.

4. Sünnətli kişilər cinsi əlaqədən daha az zövq alırlar – Bu iddianı da dəstəkləyən heç bir ciddi elmi araşdırma mövcud deyil. Bu barədə araşdırmalar edilmişdir, lakin bu iddianı dəstəkləyən fakt müşahidə edilməmişdir. Brayan Moris və Con Kreqerin araşdırmasında da deyildiyi kimi:”Sünnətin cinsi əlaqədən zövq mövzusunda heç bir təsiri yoxdur”. (Mövzunun bütün təfərrüatını qeyd edilən mənbədən oxuya bilərsiniz)[16] Əlavə olaraq, Ontario Kral Universitetinin araşdırmaçılarının bu barədə apardığı təhqiqat iddianın tam əksini isbat edir. Belə ki, 62 nəfərin (30 sünnəti və 32 sünnətsiz) üzərində araşdırma aparan təhqiqatçılar sünnətsiz kişiylə sünnətli kişinin həssasiyətində heç bir fərqin olmadığını müşahidə ediblər. Araşdırmanın nəticələri “Journal of Urology” dərgisində yayımlanıb.[17]

Son iddia: Allah hər şeyi mükəmməl yaratdısa, niyə sünnət edilirik?

Əvvəla Allahın hər şeyi mükəmməl yaratması çox uzun bir bəhsin mövzusudur. Bu məsələ “Allah hər şeyi mükəmməl yaratdısa, niyə filan şey belədir?” kimi bəsit iddialarla izah olunan mövzu deyildir. Bu mövzunun əqaid, fəlsəfə kimi sahələrdə müxtəlif izahları mövcuddur. “Hər şeyi mükəmməl yaratdı” iddiasının “Mümkün olanların ən yaxşısı”, “Platonun idealar aləmindəki mükəmməllik”, “Sisetmin quruluşundakı mükəmməllik” və.s açıqlamaları vardır ki, bu barədə günlərlə danışmaq olar. İddianın ateistlərin başa düşdüyü mükəmməllik olduğunu ələ alaraq qısaca cavab verək.

Sünnət dərisinin qoruyucu bir funksiyasının olduğunu bilirik. Mümkündür ki, sünnət dərisi ana bətnində uşağın penisini mikroblardan qoruyur, lakin uşaq doğulduqdan sonra artıq sünnət dərisi faydadan çox zərərə çevrildiyi üçün, kəsilməsi vacib hal alır. Ana bətnində də uşaqlar sidik ifraz edərlər, lakin ana bətnində uşaq sidiyinin tərkibi doğulduqdan sonrakı tərkiblə fərqlənir. Ana bətnindəki uşağın sidiyində bizdən fərqli olaraq karbamid yoxdur və onlardakı bizdəkindən çox təmizdir.[18] Burdan da anlaşılan odur ki, ana bətnində olan uşağın sidiyi təmiz olduğu üçün onlarda idrar yolu xəstəliyi yaranmaz. Doğumdan sonra isə sidiyin tərkibi dəyişdiyi üçün, idrar yolu infeksiyası yaranma ehtimalı çox olur. Buna görə də, uşaqların sünnət dərisi ana bətnində onu mokroblardan qoruyur və özündə heç bir zərər ehtiva etmir, lakin doğuşdan sonra zərərləri çox olduğu üçün kəsilərək götürülür. Məhz bu mövzunu ələ alan bir elmi araşdırmayla rastlaşmamışam, lakin məntiqi yanaşma zamanı bu nəticə ortaya çıxır. Bir çox alimin nəzərincə, qızlıq pərdəsi də eyn funksiyanı yerinə yetirməkdədir. Bir dönəmə qədər qadını mikroblardan qoruyur, lakin müəyyən dönəmdən sonra aradan gedir.[19] Sünnət dərisinin  də eyni funksiyasının olması olduqca böyük ehtimaldır.

Məsələyə bu prizmadan baxdığımız zaman, mükəmməl yaradılışda heç bir problem qalmır, əksinə mükəmməllik daha da möhkəmlənir.

PS. Öncə dediyimiz kimi, mükəmməl yaradılış tam başqa mövzudur, bu cavabda sadəcə ateistlərin anladığı bəsit anlayış ələ alınmışdır.


[1] Mayoclinic.org – Circumcision (Male)

[2] Herodotus –  The History of Herodotus

[3] Tövrat – Yaradılış-17:9-14

[4] Buxari, Qüsl, 28; Müslim, Heyz, 8; Əbu Davud, Təharət, 81, 83

[5] Əhməd İbn Hənbəl c.3, 415; Əbu Davud, Təharət, 129

[6] Şeyx Tusi – Məbsut, c.1, s.155,

[7] Nisa:125

[8] Təbəri, Şeyx Tusi, Təbərsi

[9] American Academy of Pediatrics. Circumcision policy statement. Task Force on Circumcision. Pediatrics. 2012;130:e756–85.

[10] Mayoclinic.org – Circumcision (Male)

[11]Mayoclinic.org – Circumcision (Male), ncbi.nlm.nih.gov – Scientific evidence dispels false claims about circumcision

[12] Van Howe RS. Letter to Southern Medical Journal 1995

[13] Mayoclinic.org – Circumcision (Male)

[14] Mayoclinic.org – Circumcision (Male)

[15] Mayoclinic.org – Circumcision (Male)

[16] Brian J. Morris and John N. Krieger – Does Male Circumcision Affect Sexual Function, Sensitivity, or Satisfaction?

[17]iflscience.com – Study Suggests Getting Circumcised Doesn’t Make Your Wiener Less Sensitive After All

[18] Serdar Aksu – Anne karnında bebek çiş yaparmı?

[19]discovermagazine.com – What’s the Purpose of the Human Hymen?