Sentyabr 16, 2019

Ziya Balıyev – Vüsal Məmmədovun İslam haqqında sayıqlamalarına cavab

Vüsal Məmmədovun “Teleqraf TV”ə verdiyi müsahibəsinin birinci hissəsində Şiə firqəsi, Kərbəla hadisəsi, Aşura mərasimləri və.s. kimi mövzularda dediklərinə yetəri qədər ətraflı cavab verdik. Əgər bu adamda azca da olsa utanmaq hissi varsa, bu cavablardan sonra bir daha bilmədiyi mövzularda danışmaz. Müsahibənin ikinci hissəsində isə Vüsal Məmmədov İslam və Qurani-Kərim haqqında yetəri qədər sayıqlamışdır. Bu yazıda onun İslam və Quran haqqında dediklərinə cavab veriləcəkdir.

  • “Azərbaycanda səviyyəli Ateizmə ehtiyac var. Hazırda ateistlər dini dəyərləri ələ salmaqla məşğuldurlar ki, bu da yanlışdır.”

Bəli, bu sözlərində Vüsal Məmmədov olduqca haqlıdır. Hazırda Azərbaycanda Ateizmin səviyyəsi demək olar ki, sıfırdır. Azərbaycanlı ateistlər heç bir ciddi mövzuda danışmır, müzakirələrə gəlmir, lağ-lağa və ələ salmalarla məşğuldurlar. Bəs bu sözləri deyən Vüsal Məmmədov özü kimdir? Müsahibəsində bucür sözlərə yer versə də, real həyatda buna heç bir zaman riayət etmir. Vüsal Məmmədovun dəfələrlə dini ələ saldığının şahidi olmuşuq. Bunlardan birinə nümunə kimi aşağıdakı fotonu misal gətirə bilərik. Yazdığı postla Qurani-Kərimi ələ salan bir gəncin yazısını paylaşıb. Bunu edən bir insanın etdiyini paylaşmaq, həm onu dəstəkləmək, həm də onun bu əməlinə şərik olmaqdır. Deməli “Dini ələ salmaq yanlışdır” deməsinə baxmayaraq, həm özü dini ələ salır, həm də ələ salanları dəstəkləyir. Yəni, efirlərdə bucür sözlər işlədərək insanların hisslərilə oynamaq olar, amma həqiqət heç bir zaman dəyişmir. Bu sözləri deyən şəxs özü tənqid etdiyi şeyləri edir və əməli ilə sözü bir deyil. Bu da saxtakarlıqdır. Müsahibə zamanı dediyi kimi: “Bu, insanların hisslərilə cılız şəkildə oynamaqdır.”

  • “Ateizm dini inkar üzərində yox, elmi dünyagörüşünün təbliği üzərində qurulmalıdır.”

Yəqin ki, Ateizmə bucür tərifi Vüsal Məmmədov özü uydurmuşdur. Ateizm yunan sözü olub “Allahı inkar etmək” deməkdir.[1] Öz adını belə inkar etməkdən götürən cərəyanın inkar üzərində qurulmayacağını demək, insanın özünü ələ salmasıdır. Təsəvvür edin bir insan sizə deyir ki, “Çobanlıq qoyun otarmaq üzərində yox, kompyuterin proqlamlaşdırılması üzərində qurulmalıdır.” Həqiqətən necə də gülünc səslənir. Ateizm haqqında deyilən söz də eynilə belədir. Ateizmin elmi dünyagörüşü ilə heç bir əlaqəsi yoxdur, tamamilə fəlsəfidir. Elm tamamilə din və Ateizmdən müstəqil bir sahədir. Elmi dünyagörüşü isə ateist və ya dindar şəxsin özünə aid olan bir şeydir. Yəqin ki, bucür ifadələrlə Vüsal Məmmədov elmi Ateizmlə eyniləşdirməyə çalışır və elmi olan hər şeyin dini inkar etdiyini bildirir. Məsələyə bucür yanaşmaq nəinki dindən, Ateizmdən belə xəbərdar olmamağın açıq göstəricisidir. Dini və Ateizmi öz daxilinə alan, bu ikisi arasında olan müzakirələrə fikir bildirilməsində əsas rol oynayan “Din fəlsəfəsi”dir. Müzakirələr zamanı elmi iddialar olsa belə, bunlar din fəlsəfəsinin süzgəcindən keçərək ortaya qoyula bilər. Din, elm və Ateizm əlaqəsini “Elm və din qarşıdurması iddiası və cavab” adlı məqaləmizdən tam ətraflı oxuya bilərsiniz.[2]

  • “Zəriyət 47-ci ayənin orijinalı belədir: `Biz yerləri və göyləri yaradanıq. Biz istədiyimizi artırıb və çoxaldarıq.` Amma bu ayəni belə tərcümə edirlər ki, `Yerləri və göyləri yaradan bizik və biz onu genişləndiririk.`” Bu Big-Bang`ə işarədirmi, yox! Sadəcə bugünkü insan öz informasiyasıyla baxanda bunu belə başa düşür, 7-ci əsrin insanı isə başqa cür başa düşürdü.”

Maraqlıdır, Vüsal Məmmədov məhz bu ayənin 7-ci əsrdə necə başa düşüldüyünü hansı əsasla müəyyən edib? Məlum məsələdir ki, bu mövzunu da araşdırmayıb, sadəcə tamaşaçılara bilərəkdən yalan deyir, onları aldadır. Bu ayənin mənası qətiyyən “artırmaq, çoxaltmaq” deyildir.

وَالسَّمَاء بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

“Ves semâe beneynâhâ bi eydin ve innâ le mûsiûn(mûsiûne)”

Ayədə keçən “mûsiûn” sözü tamamilə genişliklə bağlıdır. Burada artırmaqdan, çoxaltmaqdan söhbət belə getmir. Əlavə olaraq Vüsal Məmmədovun “O vaxtın insanı başqa cür anlayırdı” deməsinə qarşılıq olaraq, Təbərinin təfsirini əsas gətirə bilərik. Təbəri 9-10-cu əsrlərdə yaşamışdır və öz təfsir kitabında bu ayənin təfsirini məhz genişləndirmək kimi vermişdir.[3]

Vüsal Məmmədov bütün müsahibə boyu etdiyi kimi, burada da bilmədiyi mövzu haqqında yalan danışmışdır.

  • “Bu misalları artırmaq olar. Məsələn, Quranda deyilir ki, biz göyləri gözə görünməz sütunlar üzərində qurduq. Həqiqətən də Muhəmmədin dövründə insanlar elə bilirdilər ki, göy gümbəz formasındadır və sütunların üstündə dayanıb. Ona görə də məscidlərin üstü gümbəz formasındadır.”

Qurandakı ayələri bilgisiz formada izah etməsi ayıb deyilmiş kimi, özündən yeni bir ayə də əlavə edib: “Göylər gözə görünməz sütunlar üzərində dayanıb.” Bir insan öz cəhalətini, bilgisizliyini bundan artıq necə ifadə edə bilər? Açıq aşkar bağırır ki, “Mən bu mövzularda cahiləm.” Qurani-Kərimin heç bir yerində bucür ayə mövcud deyildir. Əksinə, Quranda göylərin sütunsuz yaradıldığı deyilir. Rad surəsi 2-ci ayədə Gördüyünüz göyləri dirəksiz yüksəldən”, Loğman surəsi 10-cu ayədə “O, göyləri bir dirək olmadan yaradıb saxlamışdır” deyildiyi halda, bu adam iddia edir ki, gözə görünməz dirəklərin üzərində olduğu deyilir. Belə insanların ateist olmasını anlamaq heç də çətin deyil. Görünən budur ki, bu və bunun kimilər İslamı yox, öz beyinlərində yaratdıqları başqa şeyi inkar edirlər.

Göyün gümbəz formasında düşünülməsinə gəldikdə isə, bu ancaq “Düz dünya” iddiası üçün keçərlidir. Dünya düz olarsa göylər gümbəz formasında düşünülə bilər. Bəs peyğəmbərin dövründə insanlar dünyanı və göyü belə düşünürdülərmi? Əsla!

11-ci əsrdə yaşamış İmam Qəzzali deyir:
“Filosoflar deyirlər ki, ay tutlması, yerin günəş ilə ay arasına girərək ayın işığının yox olmasından ibarətdir. Çünki o, öz işığını günəşdən alır. Yer isə kürə formasındadır. Bu sözlər dini əsaslarla heç bir ziddiyət təşkil etmir.”[4]

12-ci əsrdə yaşamış Fəxrəddin Razi deyir:

“Bəzi insanlar yerüzünün bir döşək olmasını deyərək, bu ayəni dünyanın kürə şəklində olmadığına əsas gətiriblər.  Bu həqiqətdən uzaq bir görüşdür. Çünki, kürə nə qədər böyük olsa, onun hər parçası üzərində yerləşmək mümkün olar.”[5]

Bunun kimi onlarla misal gətirmək olar ki, o dövrdə nə dünya düz formada, nə də göy düz dünyanın üzərində duran gümbəz kimi düşünülməyib. Mövzu haqqında daha ətraflı məlumat üçün “Qədim dövr, orta əsrlər və İslam: Düz yoxsa kürə şəkilli dünya” adlı məqaləmizi oxuya bilərsiniz.[6]

Əlqərəz, bu adamın bu qədər cahilcəsinə irəli sürdüyü iddialara vaxt ayırıb cavab yazmaq da bizim üçün ayrı bir bədbəxtlikdir. Günümüz insanları Maykl Ruz kimi böyük filosoflara cavab verərkən, biz hələ də Vüsal kimi savadsızlarda ilişib qalmışıq və müsəlmanların bu yalanlardan çaşmaması üçün məcbur cavab yazırıq.


[1] Oxford dictionary

[2] https://onlara.de/elm-v%C9%99-din-qarsidurmasi-iddiasi/

[3] Taberi Tefsiri, (Hisar yayın evi), c.7. 564. Elektron kitab: https://drive.google.com/file/d/1ywztON3BMZJ1Gy2–08EIBOyxkC20ukm/view

[4] İmam Gazzali – Filozofların Tutarsızlığı (Çağrı yayınları, İstanbul-1981), s. 7-8

[5] Fahruddin er-Razi – Tefsiri-Kebir: Mefatihul Gayb (Huzur yayın Evi, İstanbul – 2002), c.II, s.116

[6] https://onlara.de/%EF%BB%BFziya-baliyev-q%C9%99dim-dovr-orta-%C9%99srl%C9%99r-v%C9%99-islam-duz-yoxsa-kur%C9%99-s%C9%99killi-dunya/#_ftnref9