Sentyabr 13, 2019

Ziya Balıyev – Vüsal Məmmədovun Şiə firqəsinə qarşı böhtanlarına cavab

Nədənsə hər il Məhərrəm ayı gəldikdə şiələrlə birlikdə islamafob və ateistlər də kədərə bürünürlər. Şiələrin kədərə bürünməsinin səbəbi bəllidir əlbəttə, onlar özlərinin 3-cü imamı olan Hüseyn ibn Əlinin Kərbəladakı müsibətini yada salaraq kədərlənirlər. Lakin islamafobların bu kədərini anlamaq olmur. Hər halda Məhərrəm ayındakı birliyi görərək ya qorxuya düşürlər, ya da paxıllıq edirlər. Hər fürsətdə İslama qarşı nəsə deməyə cəhd edir, Kərbəla hadisəsinə, əza məclislərinə böhtan atırlar. Bu fitnəkarların başında gələn əsas simalardan biri də Vüsal Məmmədovdur.

Bir neçə gün öncə Vüsal Məmmədovu “Teleqraf TV”dən müsahibəyə çağırıb, ondan Aşura haqqında suallara cavab verməsini istəyiblər. Əvvəla, bu əmələ görə Teleqraf kanalının rəhbərliyini şiddətlə qınayırıq. İctimaiyyətə açıq bir kanal ən azından fəaliyyətində şəffaf olmalıdır. İslamafob ateisti kanala dəvət edərək, ondan Aşura haqqında soruşmaq ən azından qərəzdir və vicdansızlıqdır. Azərbaycan xalqının yüz illərdir əsas parçasına çevrilmiş Aşura dəyərini bu cür ucuz yollarla gözdən salacaqlarını düşünürlərsə, yanılırlar. Sovetlər bunu 70 il silah gücüylə edə bilmədi. Aşuranı gözdən salmağı bacarmasalar da, ən azından dini dəyərlərə sahib insanların əsəblərini pozmaq, onların dinini bu formada təhqir etmək tamamilə yanlış bir hərəkətdir. Biz “Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinə”“Qafqaz Müsəlmanlar İdarəsinə” səslənərək, ölkədə bucür hadisələrə nəzarət etmələrini xahiş edirik. Vəzifəli müsəlmanlardan da ricamız budur ki, bucür halları mümkün dərəcədə aktuallaşdırıb, bir çarə tapılmasına köməkçi olsunlar. Teleqraf kanalının rəhbərliyindən də bu hərəkəti ən tez zamanda düzəltmələrini, müsəlman bir ilahiyyatçını dəvət edərək, Vüsalın atdığı böhtanlara elə həmin proqramda cavab verilməsini təmin etmələrini tələb edirik.

İndi məsələnin əsas məğzinə keçək və Vüsal Məmmədovun Şiə firqəsinə qarşı atdığı bu böhtanları bir-bir ələ alaq.

1. Şiəlik İslamın fars mədəniyyətilə sintezindən yaranan yeni bir mədəniyyətdir. Baxsanız görərsiniz ki, ərəblərin arasında şiələr çox azdır.

Cavab: Buna aydınlıq vermək üçün uzun-uzadı Şiəliyin formalaşmısını izah etməyə lüzum belə yoxdur. Sadəcə Şiə firqəsinin əsas götürdüyü İmamlara və alimlərə nəzər salmaq kifayətdir. Şiə firqəsi 14 nəfərin üzərində qurulu olan bir firqədir. Peyğəmbər hz. Muhəmməd, peyğəmbərin qızı hz. Xanım Zəhra, Hz. Əli və onunla Xanım Zəhranın soyundan gələn 11 nəfər. Firqənin üzərində qurulu olduğu heç bir şəxs fars və ya İran əsilli deyil, hamısı ərəbdir və Ərəbistan əsillidirlər. Bizə deyilə bilər ki, “İmamların üzərində quruludur, amma fars mədəniyyəti əsasında.” Buna da cavabı çox rahatlıqla şiə alimlərinə nəzər salaraq vermək mümkündür. Reyyan ibn Səlt, Şeyx Müfid, Seyyid Mürtəza, Əllamə Hilli, Şeyx Bəhai, Şərəfuddin Amili, Seyyid Xoyi, İmam Xomeyni, Ayətullah Sistani və.s əsas şiə alimlər ərəb əsilli olmuşdurlar. Fars alimlər də vardır, lakin onların da müəllimləri hamısı ərəb əsilli olmuşdurlar. Yəni, Şiəliyin harasına baxsanız ən təməl simalar hamısı ərəbdir. Ərəb əsilli insanların da fars mədəniyyətini islamla sintez etməsinə heç bir əsas yox idi. Əgər onların hər hansı bir səbəbinin olmasına dair Vüsal Məmmədovun əlində faktlar varsa, məmnuniyyətlə dinləməyə hazırıq. Əgər bizdən başqa dəlil istəsə, vaxt ayıraraq Vüsal Məmmədova “Şiəliyin tarixi” dərsini keçə bilərik.

Vüsal Məmmədovun iddiasını əsaslandırmaq üçün gətirdiyi iddia da olduqca çürük bir iddiadır. Dünyada şiələrin sayına görə ilk yerdə ərəblər dayanır. İraqda 24.5, Yəməndə 11.5, Səudiyyə Ərəbistanında 4.7, Suriyada 4.1, Misirdə 2.2, Livanda 1.8, Bəhreyn və Qətərdə 2[1] milyona yaxın şiə yaşayır. Bütün dünyadakı ərəb şiələri nəzərə aldıqda təxminən 55 milyonluq bir rəqəm çıxır qarşımıza. İranda isə təxminən 45 milyon fars yaşayır.[2] Onların hamısının şiə olduğunu nəzərə alsaq belə, yenə də ərəb şiələrin sayından çox olmur. Hətta türk əsilli şiələr də fars şiələrdən daha çoxdur. Türkiyə, Azərbaycan, Özbəkistan, İran kimi əraziləri ələ aldığımız zaman 50-55 milyon arası türk əsilli şiə mövcuddur.[3] Hindistandakı şiə sayı 45.2, Pakistanda isə 42.5 milyondur[4]. Yəni, fars əsilli şiələr dəqiq hesablama aparılarsa, ərəblərdən, türklərdən, hindilərdən və pakistanlılardan daha az olarlar.

Sadəcə bir əsaslandırmasından Vüsal Məmmədovun iddiasının nə qədər absurd olduğu məlum olur.

2. Şiəliyə baxanda görürsünüz ki, onlar Rüstəm Zalın xarakterini, keyfiyyətlərini Əli ibn Əbu Talibin üzərinə köçürüblər. Əli tarixi şəxsiyyətdir, Rüstəm Zal isə mifik personajdır. Əlinin iki barmağı ilə darvazanı qaldırması, rəqibin kəmərindən yapışıb buludlara tullaması bir az qəribə görünür. O, real insandır axı”.

Cavab: Vüsal Məmmədovun hz. Əli haqqında dediklərindən məlum olan budur ki, onun Şiəlik haqqında bilgisi sadəcə məddahlardan eşitdikləri qədərdir. Əminliklə bu adamın Şiə firqəsinin təməl səhih hədisləri haqqında təsəvvürü belə olmadığını deyə bilərik. Əlinin iki barmağıyla qapı götürməsi, kimisə buludların üstünə atması səhih hədislərdə mövcud olan xüsusiyyətlərdən deyil. Bu kimi şeylər bəzi məddahların müəyyən məclislərdə danışdığı şişirtmələrdir. Vüsal Məmmədov da Şiəlikdən xəbərdar olmadığı üçün məddahların sözlərini Şiəlik zənn edir və özünə görə müəyyən təsəvvürlər formalaşdırır. Bu həqiqətən təəssüf edici bir haldır. Əgər o ən azından Mürtəza mütəhhərinin əsərlərini oxusaydı, bucür fundamental xətalara yol verməzdi.

Hz. Əlinin bir çox qəhrəmanlıqları olmuşdur, lakin bunlar sadəcə şiə hədislərində yer alan qəhrəmanlıqlar deyildir. Bucür şeylər şiə hədislərilə bərabər sünni hədislərində də keçir. Məsələn, hz. Əlinin Xeybər qapısını yerindən çıxarmasını və onu qalxan kimi istifadə etməsini ən birinci qeyd edən şəxslərdən biri sünni tarixçi, təfsirçi alim Təbəridir. (Burada söhbət iki barmaqdan getmir) Təbəri özünün “Tarix” kitabının 3-cü cildində “Xeybər döyüşü”ndən yazarkən, bu məlumatlara yer vermişdir.[5] Əgər bu xüsusiyyətləri farslar Rüstəm Zaldan götürüb Əliyə aid ediblərsə, o halda sünni tarixçi və hədisçilərdə də eyni şeylər nə üçün mövcuddur? Bütün bunlar onu göstərir ki, Vüsal Məmmədov dəlillərə əsaslanaraq deyil, sadəcə “Nəsə danışım” fikriylə deyib bu sözləri.

3. Kərbəla hadisəsi 7-ci əsrində sonlarında baş verib. Amma o tarixdə əzadarlıq olmayıb. Heç 8, 9, 10-cu əsrlərdə də olmayıb. Heç inanın ki, 11-ci əsrdə də olmayıb.

Cavab: Bu tarixi məlumatı Vüsal Məmmədov hansı mənbəyə əsaslanaraq iddia edir, həqiqətən bizim üçün çox maraqlıdır. Danışarkən əsrləri bir-bir sayması, 11-ci əsrə çatdıqda “inanın” deməsi, sanki bu şeyi həmin anda uydurduğunu və sonda qarşıdakı insanı inandırmaq üçün yalvarırmışcasına inanın deyərək tətmin etməyə çalışmasını göstərir. Əslində isə bu adamın dediyi tarixlər sadəcə öz uydurmasıdır və heç bir dəlilə əsaslanmır.

Əza saxlamaq – yas saxlamaq deməkdir. Yəni, bir insanın yasını tutmaq.[6] Əzadarlıq İslam tarixində çox qədim zamanlara qədər gedir. Quranda hz. Yaqubun Yusif üçün yas saxlaması əzadarlığın ən baris nümunələrindən biridir.[7] Vüsal Məmmədov buna əza saxlamaq deməsə, o halda biz ona Ömər ibn Xəttabın və Osman ibn Əfvanın ölümündən sonra onlara yas tutulması və mərsiyələr deyilməsini əsas gətirə bilərik.  Ömər ibn Xəttabın ölümündən sonra onun həyat yoldaşı bucür mərsiyəylə onun yasını tuturdu:

Ey göz, comərdcə yaş axıt. Ağla, zadəgan imam üçün ağlamaqdan usanma.

Dəniz kimi əngin qəhrəmanı vurğun və döyüş günündə ölüm birdən aldı, bizi müsibətə uğratdı.

Bucür mərsiyələr Kərbəla hadisəsindən öncə də olduqca çoxdur və böyük hissəsinə ibn Kəsirin “Əl-Bidayə” kitabından baxa bilərsiniz.[8]

İmam Hüseyn üçün saxlanılan əzadarlıq da 12-ci əsrə aid deyildir. Bir çox mənbə hadisədən dərhal sonra Xanım Zeynəbin əza saxladığını qeyd edir.[9] Digər imamların da yas tutmasına dair olduqca çox mənbə vardır ki, şiə hədislərindən oxuya bilərsiniz. Yəni, əzadarlığın yaşı nəinki, 12-ci əsrdən başlayır, hətta Kərbəla hadisəsindən də öncəyə gedir. Vüsal Məmmədovun yalandan əsrlər sayması da şər və böhtandan başqa bir şey deyildir.

4. Bugünkü Şiəlik Xristianlıqdan təsirlənib. Məsələn, İsanın 12 həvarisi, Muhəmməd və 12 imam. İsa qeybə çəkilib, eynilə İmam Mehdi də qeybə çəkilib. İsa insanların xilası üçün öldü, Hüseyn də bu səbəbdən şəhid oldu və.s.

Cavab: Çox maraqlı deyilmi, videonun əvvəlində “Şiəlik fars mədəniyyətilə İslamın sintezidir” deyən adam, davamında farsları unudur və Xristianlıqla sintez olmasından danışır. Bu cür xətalar, mövzunu danışan adamın mövzudan xəbərsiz olmasını, əvvəldə dediyini sonradan unutmasını göstərir.

Əvvəla 12 rəqəmini əsas gətirməsi olduqca əsassız bir iddiadır. 12 rəqəmi ümumiyyətlə səmavi dinlərdə xüsusi bir mahiyyətə sahibdir. Qüdsün 12 qapısı var idi, İsmayılın 12 övladına rəhbərlik verilir, Musa əsasını yerə vurduqda 12 bulaq qaynayır və.s. Yəni, 12 imamın və 12 həvarinin olması bir birindən götürülmə deyil, rəqəmin müqəddəsliyi ilə bağlıdır. Həvarilərin də, imamların da sayının 12 olması, Şiəliyin Xristianlıqdan kopyalanmasına deyil, hər ikisinin eyni mənbədən, yəni Allah tərəfindən gəlmələrinə dəlildir. Əgər bənzərliklərdən yola çıxaraq köçürülmə iddiasını etsək, o halda yerli Amerika dinlərilə onları heç bir zaman görməyən yerli Afrika dinləri arasında onlarla bənzərlik sadalaya bilərik. Bəs bu bənzərliklərə Vüsal Məmmədov hansı cavabı verəcək? Hər halda standart ateist təfəkkürü etibarilə “təsadüf” deyib keçəcək. Köçürülmə mövzusunda daha geniş “Dini mətnlərin köçürülməsi iddiasına cavab” adlı məqaləmizdən oxuya bilərsiniz.[10]

İsa Məsihlə Sahib əz-Zamanın qeybi də eynilə yuxarıdakı kimidir. Əlavə olaraq, İsanın qeybə çəkilməsi təkcə Xristianlıqda deyil, İslamın hər iki firqəsində də mövcuddur. Mehdi inancı da sadəcə Şiəliyə aid bir inanc deyildir, nəinki Sünnilikdə, hətta uzaq şərq dinlərində belə mövcuddur.

İmam Hüseynin şəhadəti isə, İsanın çarmıxa çəkilməsilə eyni mahiyyətli deyildir. Əgər vüsal Məmmədov bir neçə səhifə kitab oxumuş olsaydı, bunu bilər və belə sayıqlamazdı. Xristian əqidəsinə görə İsanın çarmıxa çəkilmə və əzab çəkmə səbəbi, insanların günahlarının bağışlanması üçün idi. Yəni, İsa bu əzabları çəkərək bütün keçmiş və gələcək xristianların günahlarını təmizləyir. İmam Hüseynin şəhadətində isə belə bir müddəa yoxdur. İmamın Şəhadət səbəbi Allahın tövhid dini olan İslamı həyatda saxlamaq, onun aradan getməsinə mane olmaq idi. Onun şəhadətilə nə keçmiş, nə də gələcək şiələr günahdan təmizlənməyib.

5. Şiəliyin əzadarlığı Flaqellantlıqdan götürülüb.

Cavab: Flaqellantlıq 13-cü əsrdə Avropada geniş yayılmış bir cərəyandır. Bu cərəyanın nümayəndələri öz bədənlərinə müxtəlif xəsarətlər yetirərək qan çıxarırlar. Flaqellantlıqdakı bədənə əzab vermə ən çox şiəlikdəki qəmə vurmaqla bənzərlik təşkil edir. Hər ikisində bədəndən qan çıxarılır. Bu bənzərlikdən yola çıxaraq Vüsal Məmmədov hansı əsasla qəmə vurmağın Xristianlıqdan götürüldüyünü iddia edir bilmirik. Əgər bu ritualın köçürülməsindən söhbət gedirsə, tarix etibarilə şiələr xristianlardan yox, xristianlar şiələrdən götürməli idilər. Şiələr bunu etməkdə tamam başqa mənbələrə istinad edirlər. Bir neçə hədisdə imamların, Xanım Zeynəbin və başqa şəxslərin bunu etdikləri qeyd edilir ki, bütün bunlar 13-cü əsrdən ən az 500-600 il öncəyə aiddir.

“Qəfildən Xanım Zeynəbin (s.ə) gözləri İmam Hüseynin (ə) yerə düşmüş, qan içində olan kəsilmiş boğazına düşdü və başını biixtiyar məhmilin taxtasına vurdu və qan hicabının altından axmağa başladı.”[11]


“Bir şəxs İmam Səccad (ə) üçün məqtəl (rovzə) oxudu. İmam (ə) ayaqüstə durdu və üzünü mənzilin divarına vurdu. O Həzrətin (ə) mübarək burnu və başı yarıldı, qanı üzünə töküldü və ağlamaq və hüznün şiddətindən huşunu itirdi”.[12]

Və yaxud da, İmam Hüseynə kərbəlada yardım etməyən şəxslərin sonradan peşmançılıqdan özlərini döymələri, qılınclamaları haqqında rəvayətlər mövcuddur. Bütün bu hadisələr elə Kərbəla hadisəsi zamanı baş vermişdir və Flaqellantlıq bundan 6 əsr sonra ortaya çıxmışdır. Buna görə də bu şeyin Xristianlıqdan köçürüldüyünü iddia etmək üçün olduqca az bilgiyə sahib olmaq lazımdır.

PS. Hazırda bədənə xəsarət vurmaq bir çox şiə alimi tərəfindən (Ayətullah Xamenei, Ayətullah Məkarim Şirazi və.s.) haram sayılır. Bunun üçün müxtəlif səbəblər vardır və bu səbəblər bu məqalənin mövzusu olmadığı üçün qeyd etmirik. Bu ritualın tarixinin Flagellantlıqdan əvvələ getməsi sadəcə Vüsal Məmmədovun sayıqlamalarına cavab olaraq qeyd edilib.

Əlqərəz, Vüsal Məmmədovun proqramın ilk 10 dəqiqəsində Aşura və Şiəlik haqqında danışdıqlarının bir kəlməsi belə doğru deyil. Bütün dedikləri sadəcə şər və böhtandır. Bilmədiyi mövzulara bir neçə elmi termin qataraq özünü intelektual aydın kimi göstərmə cəhdləri, ancaq və ancaq özü kimi cahil kütləyə keçərli ola bilər. Dİnlər tarixini ciddi bilən bir insan isə bütün bu boşboğazlıqlara ancaq gülər. Bu proqrama baxdıqdan sonra İmam Sadiqin bir hədisi yadıma düşdü: “Allaha şükürlər olsun ki, düşmənlərimizi axmaqlardan qərar verib.”

QEYD: Vüsal Məmmədovu dəfələrlə üz-üzə bəhsə çağırsaq da, bundan qaçmışdır. Razı olsa belə, kameranın olmamasını əsas şərt olaraq qarşımıza qoymuşdur. Kameranın olmamasını şərt qoyması da, bəhsdə rüsvay olacağını bildiyini üçündür. Buna görə də bütün bu şeyləri insanların görməməsini və onu intelektual kimi tanımağa davam etməsini istəyir. Əgər Vüsal Məmmədov savadlıq bir fərddirsə və dedikləri həqiqətdirsə, o halda din və din fəlsəfəsi mövzusunda auditoriya qarşısında onunla istənilən zaman bəhs etməyə hazırıq. Əgər bütün ateistlərin etdiyi kimi “Mənim dinə ayıracaq vaxtım yoxdur” deyərsə, o halda verilişlərə çıxıb din haqqında boşboğazlıq etməsini də bu iddiaya aid etməsini xahiş edirik.

Sözü gedən video

[1] https://shianumbers.com/shia-muslims-population.html

[2] https://en.wikipedia.org/wiki/Iran#Ethnic_groups

[3] https://shianumbers.com/shia-muslims-population.html

[4] https://shianumbers.com/shia-muslims-population.html

[5] Taberi – Tarihi Taberi (Sağlam yayın evi), cild-3, s.233

[6] Azərbaycan dilinin izahlı lüğəti. II cild. Bakı, Şərq-Qərb, 2006.

[7] Yusif surəsi, 84-cü ayə

[8] İbn Kəsir – Əl-Bidayə, 7-ci cild, Ömər üçün yazılan mərsiyələr və Osman üçün yazılan mərsiyələr babı.

[9] SavratulHuseyn fil vicdaniş-şəbiyy, səh.265

[10] https://onlara.de/ziya-baliyev-dini-m%c9%99tnl%c9%99rin-kocurulm%c9%99si-iddiasi/

[11] 1) Biharul-Ənvar c 45, səh 114-115; 2) Nəfsul-məhmum səh 400; 3) Yənabiul-Məvəddəh səh 350; 4) Zeynəbi-Kubra səh 112; 5) Cəlal Əl-Uyun c 2, səh 238; 6) Muntəxəb səh 477; 7) Dəm”ətus-Sakibə c 5, səh 44;

[12] Darus-Səlam Lil-Muhəddis Nuri c 2, səh 179.